Ermənistanın ikinci prezidenti Robert Köçəryan və oğlu Sedrak Köçəryan Antikorrupsiya Komitəsinə aparılıb.
Jnews.az xəbər verir ki, Robert Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyanın sözlərinə görə, sabiq prezident səhər saatlarında istintaqçılar tərəfindən Antikorrupsiya Komitəsinə aparılıb.
Daha sonra onun oğlu Sedrak Köçəryanın da Komitəyə aparıldığı bildirilib. Eyni zamanda, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Robert Köçəryanın evində axtarış aparırlar. Axtarış zamanı Köçəryan ailəsinin üzvlərinin də evdə olduğu qeyd edilir.
Robert Köçəryanın digər oğlu, parlamentin deputatı Levon Köçəryanın evində də axtarış keçirildiyi rəsmi şəkildə təsdiqlənib.
Ermənistan Antikorrupsiya Komitəsinin sözçüsü Marina Ohanyan bildirib ki, korrupsiya işləri üzrə aparılan araşdırmalar çərçivəsində onlarla ünvanda genişmiqyaslı istintaq tədbirləri həyata keçirilir. Komitə zərurət yaranacağı təqdirdə əlavə məlumat veriləcəyini açıqlayıb.
Erməni mediasının məlumatına görə, Köçəryan ailəsinə məxsus “Orange Premium Fitness Club” və “Toyota” avtomobil salonunda da istintaq tədbirləri aparılır.
