Yenilənib: Avqust 24, 2026 9:57 axşam
İsrail Müdafiə Qüvvələri (SAXAL) və Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) Qəzza zolağında birgə əməliyyat keçirib. Əməliyyat nəticəsində HƏMAS-a məxsus iki silah anbarı məhv edilib.
Jnews.az xəbər verir ki, bu barədə SAXAL və ŞABAK-ın birgə rəsmi bəyanatında bildirilib.
Məlumata görə, silah anbarları Şati və Deyr əl-Bələh rayonlarında yerləşən məscidlərin ərazisində olub. İsrail tərəfinin məlumatına əsasən, anbarlarda onlarla avtomat, sursat daraqları və müxtəlif hərbi təchizat saxlanılıb.
Bəyanatda qeyd olunub ki, zərbələr endirilməzdən əvvəl mülki əhali üçün risklərin minimuma endirilməsi məqsədilə bir sıra tədbirlər görülüb. Həmin rayonların sakinlərinə əvvəlcədən təxliyə edilməli olduqları barədə xəbərdarlıq edilib.
Zərbələr havadan fasiləsiz müşahidə və nəzarət altında, yüksək dəqiqlikli döyüş sursatlarından istifadə edilməklə həyata keçirilib.
SAXAL-da vurğulanıb ki, ibadət yerlərində silah anbarlarının yerləşdirilməsi HƏMAS-ın mülki obyektlərdən hərbi məqsədlər üçün istifadə etdiyini göstərən növbəti sübutdur.
Mənbə: newsru.co.il
