ABŞ-ın Texas ştatında həyata keçirilməsi planlaşdırılan “SpaceX” şirkətinin “Starship” raketinin 13-cü sınaq uçuşu starta saniyələr qalmış ləğv edilib. Buraxılışın dayandırılmasına raketin 33 mühərrikindən bəzilərinin işə düşməməsi səbəb olub.
Şirkətin baş direktoru İlon Mask bildirib ki, yaranmış texniki nasazlıq aradan qaldırıldıqdan sonra növbəti buraxılış cəhdinin gələn həftənin əvvəlində həyata keçirilməsi gözlənilir.
Uğursuz start cəhdi bazarlara da təsirsiz ötüşməyib. Ötən ay birjaya çıxan “SpaceX”-in səhmləri buraxılışın təxirə salınmasından sonra əlavə ticarət sessiyasında təxminən 3 faiz ucuzlaşıb. Şirkətin səhmləri günü 131,11 ABŞ dolları səviyyəsində başa vurub ki, bu da listinqdən sonra ilk dəfə 135 dollarlıq IPO qiymətindən aşağı bağlanış deməkdir.
“Starship” hazırda dünyanın ən güclü daşıyıcı raketi hesab olunur və “SpaceX” bu platforma vasitəsilə Ay, Mars və digər dərin kosmos missiyalarını həyata keçirməyi hədəfləyir.