İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İran ərazisindəki bəzi obyektlərə endirdiyi zərbələrdən sonra Hörmüz boğazının qeyri-müəyyən müddətə bağlandığını elan edib.
SEPAH-ın açıqlamasına görə, ABŞ və onun müttəfiqlərinə məxsus neft tankerlərinin Hörmüz boğazından keçidi məhdudlaşdırılıb. Bu qərar regionda onsuz da yüksək olan gərginliyi daha da artırıb.
Son günlər ABŞ və İran arasında qarşılıqlı hərbi əməliyyatlar fonunda vəziyyət daha da kəskinləşib. Beynəlxalq ictimaiyyət isə genişmiqyaslı müharibənin qarşısını almaq üçün diplomatik səylərini gücləndirir.
Qətər münaqişə tərəfləri arasında vasitəçilik təşəbbüsü ilə çıxış edib. Bu çərçivədə Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.
Doha hesab edir ki, gərginliyin azaldılması və daha böyük qarşıdurmanın qarşısının alınması yalnız diplomatik dialoq yolu ilə mümkündür.
Pakistan da ABŞ ilə İran arasında artan gərginlikdən narahatlığını ifadə edib. Pakistan hökuməti hər iki tərəfi təmkin nümayiş etdirməyə və yaranmış böhranı yalnız danışıqlar yolu ilə həll etməyə çağırıb.