Rusiyanın iyulun 2-nə keçən gecədən etibarən Ukraynanın paytaxtı Kiyevə həyata keçirdiyi kütləvi hava hücumu nəticəsində ölənlərin sayı 10-na, yaralananların sayı isə 34-ə çatıb.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun verdiyi məlumata görə, Rusiya pilotsuz uçuş aparatları və digər hava hücum vasitələri ilə şəhərə intensiv zərbələr endirib. Hücumun ilk saatlarında paytaxt yaxınlığında hava hücumundan müdafiə (HHM) sistemləri işə salınıb və sakinlər hava həyəcanı ləğv edilənədək sığınacaqlarda qalmağa çağırılıb.
Tkaçenko bildirib ki, şəhər üzrə ümumilikdə 28 nöqtəyə zərbələr endirilib. Hücumlar əsasən Obolon, Qoloseyev, Şevçenko, Svyatoşin və Podil rayonlarında yerləşən yaşayış binaları və mülki infrastruktur obyektlərini hədəfə alıb. Dağıntılar altında insanların qala biləcəyi ehtimal edilir.
Kiyev meri Vitali Kliçko daha əvvəl ölənlərin sayının 5, yaralananların isə 34 nəfər olduğunu açıqlasa da, sonradan Timur Tkaçenko həyatını itirənlərin sayının 10 nəfərə yüksəldiyini təsdiqləyib.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti hücumun nəticələrini əks etdirən görüntülər yayıb. Kadrlarda yanan yaşayış binaları, dağıntılar və tamamilə yararsız hala düşmüş avtomobillər əks olunub.
Rəsmilər axtarış-xilasetmə işlərinin davam etdiyini bildirir və dağıntılar altında qalanların olması səbəbindən ölən və yaralananların sayının arta biləcəyini istisna etmirlər.