Ermənistanın Baş naziri Nikol Paşinyan demokratik institutların inkişafı və ölkənin Avropa İttifaqı ilə yaxınlaşması istiqamətində göstərdiyi səylərə görə Hessen Sülh Mükafatına layiq görülüb.
Hessen Landtaqının yaydığı məlumatda bildirilib ki, 51 yaşlı siyasətçiyə mükafat ölkədə demokratik institutların qurulması və Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması istiqamətində “yorulmaz səylərinə” görə təqdim edilib.
Qeyd olunub ki, 2018-ci il “Məxməri inqilab”ının liderlərindən biri olan N. Paşinyan parlament seçkilərinə yol açıb və həmin vaxtdan baş nazir kimi ölkəni sülh və Avropaya inteqrasiya istiqamətində aparır.
Məlumatda, həmçinin Paşinyanın ABŞ-ın dəstəyi ilə 2025-ci ilin avqustunda Azərbaycanın Prezidenti ilə sülh bəyannaməsi imzaladığı və daha sonra “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş”ə imza atdığı bildirilib.
Qeyd edək ki, Hessen Sülh Mükafatının məbləği 25 min avrodur.
