Moldovanın baş naziri Aleksandru Muntyanu vəzifəsindən istefa verdiyini açıqlayıb. O, qərarını vəzifəsini artıq öz prinsip və dəyərlərinə uyğun şəkildə icra edə bilməməsi ilə əsaslandırıb.
Baş nazir sosial şəbəkə hesabında paylaşdığı bəyanatda bildirib ki, bu vəzifəni böyük məsuliyyət hissi və ölkədə müsbət dəyişikliklərə töhfə verəcəyinə inamla qəbul edib.
“Bu gün baş nazir kimi mandatımı başa vururam. Başa düşdüyüm anda ki, artıq mandatımı sadiq qaldığım prinsip və inanclar əsasında yerinə yetirə bilmirəm, istefa verməyi seçdim”.
Muntyanunun istefası hökumətin də istefasına səbəb olub. Ölkə qanunvericiliyinə əsasən, Prezident Maia Sandu parlament fraksiyaları ilə məsləhətləşmələrdən sonra baş nazir postuna yeni namizəd irəli sürməlidir.
Moldova son illərdə enerji daşıyıcılarının bahalaşması, yüksək inflyasiya və iqtisadi çətinliklərlə üzləşib. Bu vəziyyət ölkədə vaxtaşırı etiraz aksiyalarına səbəb olur. Müxalifət isə yaranmış böhrana görə məsuliyyəti Qərbyönlü hökumətin siyasətinin üzərinə qoyur.