Türkiyənin paytaxtı Ankarada NATO sammiti ərəfəsində həyata keçirilən gücləndirilmiş təhlükəsizlik tədbirləri çərçivəsində 4 mindən çox axtarışda olan şəxs saxlanılıb.
Məlumata görə, genişmiqyaslı yoxlamalar aprelin 4-dən iyulun 1-dək davam edib. Bu müddət ərzində polis əməkdaşları şəhər üzrə 1,5 milyondan çox şəxsin sənədlərini yoxlayıb, 930 minə yaxın nəqliyyat vasitəsinə baxış keçiriblər.
Əməliyyatlar zamanı ictimai yerlər, hotellər, kafe və restoranlar, əyləncə məkanları, avtomobil icarəsi şirkətləri, avtodayanacaqlar, qısamüddətli yerləşdirmə obyektləri, eləcə də ictimaiyyət üçün açıq olan digər müəssisələr yoxlanılıb.
Polis əməliyyatlarının NATO sammiti ərəfəsində paytaxtda təhlükəsizliyin gücləndirilməsi məqsədilə həyata keçirildiyi bildirilib.
Türkiyə hüquq-mühafizə orqanlarının məlumatına görə, Ankarada ictimai asayişin qorunması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.