İsrail Livanın cənubunda yaratdığı təhlükəsizlik zonasını qorumaqda qərarlıdır. Ölkənin müdafiə naziri Israel Katz bildirib ki, “Hizbullah” tərəfindən təhlükə aradan qalxmayana qədər İsrail ordusu bölgədən çıxmayacaq.
Nazirin sözlərinə görə, İsrail Livan ərazisində fəaliyyət göstərmək üçün heç kimdən icazə almayıb və həmin ərazidə qalmaq üçün də hər hansı razılığa ehtiyac duymur.
“Biz Livana daxil olmaq üçün heç kimdən icazə istəməmişik və orada qalmaq üçün də heç kimin icazəsinə ehtiyacımız yoxdur”.
Kats vurğulayıb ki, İsrailin məqsədi Livanın cənubunda yaradılmış təhlükəsizlik zonasını qorumaq, “Hizbullah” tam silahsızlaşdırılana və İsrailin şimal sərhədində yaşayan əhali üçün təhlükə aradan qalxana qədər hərbi mövcudluğunu davam etdirməkdir.
Nazir bu açıqlamanı ABŞ Prezidenti Donald Trumpın Ankarada keçirilən NATO sammitində səsləndirdiyi fikirlərdən sonra verib. Tramp İsrailin Livanın cənubundan qoşunlarını çıxaracağını düşündüyünü və rəsmi Təl-Əvivin belə bir addım atmağa maraqlı olduğunu bildirmişdi.
Kats isə bu ehtimalları təkzib edərək qeyd edib ki, İsrailin əsas vəzifəsi Qalileya bölgəsinin sakinlərini və ölkə vətəndaşlarını “Hizbullah”ın hücumlarından qorumaqdır. Onun sözlərinə görə, təşkilat son dövrdə iki dəfə İsrailə qarşı hərbi fəaliyyət göstərib: ilk dəfə 7 oktyabr hadisələrindən sonra, ikinci dəfə isə İrana qarşı keçirilən əməliyyat zamanı İsrail ərazisini atəşə tutmaqla.
Müdafiə naziri əlavə edib ki, son iki il yarım ərzində İsrail ordusu “Hizbullah”ın hərbi potensialının böyük hissəsini sıradan çıxarıb, təşkilatın rəhbərliyinə ciddi zərbələr endirib və keçmiş baş katib Hassan Nasrallah da daxil olmaqla, rəhbər heyətin əsas fiqurlarını məhv edib.
Katsın sözlərinə görə, hazırda İsrail ordusu Livan ərazisində Aralıq dənizi sahillərindən Bofor bölgəsinə, şərqdə isə Hermon dağı istiqamətinədək uzanan təhlükəsizlik zolağı yaradıb. O iddia edib ki, ərazi silahlı qruplardan təmizlənir, terrorçuların yerüstü və yeraltı hərbi infrastruktur məhv edilir və bütün bu tədbirlər İsrailin şimal bölgəsinin təhlükəsizliyini təmin etməyə xidmət edir.