Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsi vakant olan yerlərə işə qəbul üzrə elektron sənəd qəbulunun müddətinin uzadıldığını elan edib.
Agentliyin məlumatına görə, elektron sənəd qəbulu prosesi avqustun 18-i saat 11:00-da başlayıb. Namizədlər avqustun 24-ü saat 11:00-dək miq.edu.az/direktor internet ünvanı vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.
Müsabiqənin seçim mərhələsində namizədlər tərəfindən təqdim olunan məlumatların və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla keçən şəxslər müsahibə mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.
Müsabiqənin yekun nəticələri namizədlərin şəxsi səhifələrində yerləşdiriləcək. Müsabiqədə uğur qazanan şəxslərlə əmək münasibətləri qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdiriləcək.
