Yenilənib: Sentyabr 10, 2026 10:40 səhər
Kolleclərə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi bu gün, sentyabrın 10-da saat 23:59-da başa çatır. Seçim ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrində boş qalan plan yerlərinin doldurulmasını nəzərdə tutur.
Jnews.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, ixtisas seçimi hüququ olan abituriyentlər DİM-in rəsmi portalında “Abituriyentin elektron ərizəsi”ni dolduraraq təsdiqləməlidirlər.
Abituriyentlər seçim zamanı həm dövlət sifarişi, həm də ödənişli əsaslarla 12-dək ixtisas kodu seçə bilərlər.
DİM-in məlumatına görə, müsabiqədə yalnız elektron ərizəsinin təsdiqlənməsi prosedurunu başa çatdıran abituriyentlər iştirak edə bilərlər.
Boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub. Jurnalın çap versiyasını DİM-in inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından əldə etmək mümkündür.
Bundan əlavə, jurnalın sifarişini abiturient.az saytı və ya Wolt tətbiqi vasitəsilə yerləşdirmək olar.
Jurnalın PDF formatında elektron versiyası da abiturient.az saytında təqdim olunur.
