Yenilənib: Avqust 10, 2026 3:07 axşam
Moldova Xarici İşlər Nazirliyi respublika ərazisinə pilotsuz uçuş aparatının (PUA) düşməsi və partlaması ilə əlaqədar Rusiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq barədə qərar qəbul edib.
Xarici siyasət idarəsinin məlumatına görə, bu addım avqustun 9-da baş verən insidentdən sonra atılıb. Nazirlik baş verənləri Moldova Respublikasının suverenliyinin və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib.
Hadisə ölkənin Ukrayna ilə sərhədində yerləşən Ştefan-Voda rayonunun Krokmaz yaşayış məntəqəsində qeydə alınıb. Moldova polisinin yaydığı məlumata əsasən, əraziyə düşən PUA orada partlayıb.
İnsident nəticəsində heç kim xəsarət almayıb. Hüquq-mühafizə orqanları bildiriblər ki, bundan əvvəl Moldova ərazisində analoji obyektlərin aşkar edilməsi halları qeydə alınmamışdı.
Hazırda baş vermiş PUA düşməsi və partlayış faktı ilə bağlı müvafiq araşdırma aparılır.

