ABŞ Müdafiə Nazirliyi ölkənin müdafiə sənayesini hərbi məhsulların istehsalını artırmağa və tədarük müddətlərini əhəmiyyətli dərəcədə qısaltmağa çağırıb.
ABŞ müdafiə nazirinin müavini Stiv Faynberq sənaye şirkətlərinin rəhbərlərinə göndərdiyi memorandumda kritik müdafiə imkanları üzrə daha sürətli tədarük qrafikləri və istehsal gücünün artırılması ilə bağlı konkret planların hazırlanmasını tələb edib. Şirkətlərə bu planları təqdim etmək üçün 21 gün müddət verilib.
Faynberq sənəddə uzun illər davam edən inkişaf və tədarük proseslərinin artıq qəbuledilməz olduğunu bildirərək proqramların sürətləndirilməsi və istehsal imkanlarının genişləndirilməsinin zəruriliyini vurğulayıb.
ABŞ Müdafiə Nazirliyinin sözçüsü Şon Parnell memorandumun həqiqiliyini təsdiqləyib. Onun sözlərinə görə, təşəbbüs ölkənin müdafiə-sənaye bazasının gücləndirilməsi üzrə daha geniş proqramın bir hissəsidir və gələcək müdafiə büdcəsinin formalaşdırılmasına da təsir göstərəcək.
Qərar ABŞ-ın hərbi ehtiyatlarının son dövrdə ciddi təzyiq altında qalması barədə müzakirələrin fonunda qəbul edilib. AP-nin məlumatına görə, Vaşinqtonun hərbi ehtiyatlarının vəziyyəti, xüsusilə uzunmüddətli əməliyyatlar fonunda, ABŞ rəsmiləri və analitikləri arasında narahatlıq yaradıb. Prezident Donald Tramp isə ölkənin kifayət qədər silah ehtiyatına malik olduğunu və yeni məhsulların istehsal edilərək tədarük olunduğunu bildirib.
Faynberqin təşəbbüsü ABŞ administrasiyasının müdafiə sənayesində istehsal proseslərini sürətləndirmək, bürokratik maneələri azaltmaq və hərbi tədarük sistemini daha çevik etmək istiqamətində apardığı siyasətin davamı kimi qiymətləndirilir. ABŞ Müdafiə Nazirliyi daha əvvəl də sənaye nümayəndələrinin iştirakı ilə tədarük prosesinin sürətləndirilməsi və istehsal imkanlarının genişləndirilməsi üzrə təşəbbüslər irəli sürüb.
Mənbə: jpost.com
