“Azərbaycanla Pakistan arasında geostrateji və siyasi əlaqələr yüksək səviyyədədir. Lakin bəzi sahələr üzrə əməkdaşlığın inkişafı üçün daha çox iş görməliyik”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində Pakistanın “PakTVGlobal” televiziya kanalına verdiyi müsahibədə deyib.
Şuşa Qlobal Media Forumunun əsas məqsədləri
Hikmət Hacıyev, ilk növbədə, IV Şuşa Qlobal Media Forumunun məqsədləri barədə danışıb:
“Şuşa Qlobal Media Forumunun keçirilməsi təşəbbüsü Prezident İlham Əliyev tərəfindən dörd il əvvəl irəli sürülüb. Burada məqsəd Şuşanın Cənubi Qafqazda və regiondan kənarda keçmiş mədəni-intellektual rolunu bərpa etmək idi. Şuşada alimlər, akademiklər, jurnalistlər, filosoflar və şairlər bir araya gələrək müxtəlif intellektual ideyalar üzərində işləyir və Şuşanın əvvəlki ruhunu buraya qaytarırlar.
İkinci səbəb budur ki, Azərbaycan da qardaş Pakistan kimi qlobal səhnədə media hücumlarına məruz qalır. Şuşa Forumunun funksiyalarından biri də bu cür hücumların qarşısını almaq və həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Bu, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsindən sonra baş verdi. Biz dünya ilə açıq danışırıq. Bu, cənab Prezidentin beynəlxalq media ilə birbaşa kommunikasiyasıdır. Bu təşəbbüs çox effektiv nəticələr verib. Burada sual limiti də yoxdur. İstənilən jurnalist düzgün hesab etdiyi sualı verə bilər. Bu il keçirilən forumda da Azərbaycan Prezidenti dünyanın müxtəlif yerlərindən gələn jurnalistlərin bütün suallarını cavablandırdı.
Bundan başqa, Şuşa Forumu həm də intellektual dialoq platformasıdır. Media dinamik şəkildə dəyişir. Süni intellekt, sosial şəbəkələr və ümumilikdə media ekosistemi sürətlə dəyişir. Hamımız dezinformasiya ilə qarşılaşırıq. Buna görə də biz bir-birimizdən öyrənməli, təcrübələrimizi bölüşməli və yeni təkliflər irəli sürməliyik. Bu da Şuşa Forumunun əsas məqsədlərindən biridir”.
Prezident İlham Əliyevin açıq dialoq və strateji kommunikasiya modeli
Hikmət Hacıyevin sözlərinə görə, Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunda şəffaflıq və strateji kommunikasiya nümunəsi nümayiş etdirib:
“Orada heç bir məhdudiyyət və senzura yox idi. Hər kəs istədiyi sualı verməkdə azad idi. Bu, Azərbaycanın strateji kommunikasiyası idi və mən cənab Prezidentin köməkçisi kimi fəaliyyət göstərməkdən qürur duyuram. Gündəlik olaraq onun müdrikliyindən nələrsə öyrənirik. Cənab Prezidentin mediaya yanaşması da bunlardan biridir. Dövlət başçısı iqtisadiyyat, xarici siyasət, sosial və hərbi sahələrdə də eyni yanaşmanı nümayiş etdirir. Reallıq budur ki, Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü lideri var. Azərbaycan Prezidentinin son forumda sualları cavablandırması sadəcə kommunikasiya deyildi, bu, beynəlxalq media ilə real dialoq idi”.
Azərbaycan-Pakistan strateji tərəfdaşlığı və qardaşlıq münasibətləri
Prezidentin köməkçisi Azərbaycan-Pakistan əlaqələrinə də toxunub və ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edib:
“Pakistan və Azərbaycan arasında qardaşlıq əlaqələri mövcuddur və bizim strateji tərəfdaşlığımız var. Mən həm də baş nazir Şahbaz Şərif, feldmarşal Asim Munir və Prezident İlham Əliyev arasında dostluğun və qarşılıqlı dərin hörmətin şahidi olmaq şərəfinə nail olmuşam. Azərbaycan əraziləri işğal altında olarkən qardaş Pakistan ölkəmizə qətiyyətli dəstək nümayiş etdirdi. Pakistan işğalçı ölkə ilə diplomatik münasibətlər qurmadı və Ermənistanı təcavüzkar dövlət kimi tanıdı. Bu, təkcə Azərbaycan dövlətinin deyil, xalqının da yaddaşında qalıb və biz bunu hər zaman yüksək qiymətləndirəcəyik.
Eyni zamanda, biz Pakistanın uğurlarına sevinirik. Son vaxtlar Körfəz regionunda ABŞ və İran arasında yaşanan gərginlik zamanı Pakistan strateji səbr və müdriklik nümayiş etdirərək münaqişənin həlli üçün vasitəçilik platforması yaratdı, anlaşma memorandumunun imzalanmasına və gərginliyin azaldılması istiqamətində mühüm rol oynadı. Pakistan burada güclü dövlət keyfiyyətlərini və strateji uzaqgörənliyini nümayiş etdirdi. Pakistanın qlobal məsələlərdə mühüm geostrateji əhəmiyyəti bir daha özünü göstərdi. Sizin qardaşlarınız olaraq, biz buna çox sevinirik. Pakistanlı qardaşlarımızın bacarığına güvənirik. Pakistan dövləti sülhün təmin olunmasına çalışır və bu da onun qlobal və regional sülhə töhfə vermək istiqamətində səmimi iradəsindən irəli gəlir. Bu konfliktin qlobal təsirləri var. Pakistanın səyləri olmasaydı, münaqişə regionun hüdudlarından kənara çıxa və eskalasiyanın yeni mərhələsinə keçə bilərdi. Pakistan diplomatiyası buna görə də təqdir olunmalıdır. İnanırıq ki, Pakistanın səyləri müsbət nəticə verəcək. Eyni zamanda bilməliyik ki, vasitəçi mesajı çatdırır, lakin yekun qərarı tərəflər verir”.
Biznes əlaqələrinin inkişaf potensialı
Hikmət Hacıyev bildirib ki, siyasi və geostrateji müstəvidə Azərbaycan və Pakistan arasında əlaqələr yüksək səviyyədədir və bu, hər iki ölkənin siyasi iradəsini nümayiş etdirir. Bununla belə, görüləsi işlər hələ də çoxdur:
“Ölkələrimizin rəhbərlikləri Azərbaycan və Pakistan arasında institusionallaşmış əməkdaşlığın formalaşması istiqamətində intensiv fəaliyyət göstərirlər. Amma əlbəttə ki, ticarət-iqtisadi, humanitar-mədəni və xalqlararası əlaqələrin inkişafı üçün daha çox iş görməliyik. Burada əminliklə deyə bilərik ki, hələ böyük potensial mövcuddur. Azərbaycan və Pakistan iş adamları arasında daha sıx əlaqələr qurulmalıdır. Hər iki ölkənin böyük iqtisadi potensialı və geniş imkanları var. Lakin bəzən məlumat çatışmazlığı ticarət-iqtisadi əlaqələrimizə mənfi təsir göstərir.
İcazə verin, bir nümunə çəkim. Azərbaycan kifayət qədər məlumatın və institusionallaşmış biznes mexanizmlərinin olmaması səbəbindən Pakistan düyüsünü üçüncü ölkə vasitəsilə idxal edirdi. Bu məsələ Azərbaycan hökumətinin diqqətinə çatdırıldıqdan sonra lazımi tədbirlər görüldü. Pakistan düyüsü gömrük rüsumundan azad edildi. Bu da Pakistan düyüsünün Azərbaycan bazarında rəqabət qabiliyyətini daha da artırdı. Bu, bütün sahələrdə əldə edə biləcəyimiz irəliləyişə dair sadəcə bir nümunədir. Biz iş adamlarını daha yaxşı məlumatlandırmalıyıq”.
Prezidentin köməkçisi turizm əlaqələrinin dinamik şəkildə inkişaf etdiyini də vurğulayıb:
“Biz bundan çox məmnunuq. Hazırda Azərbaycanla Pakistan arasında birbaşa uçuşların sayı artıb. Bu, müsbət göstəricidir. Lakin mədəni və digər sahələrdə də daha çox iş görülməlidir. Burada media nümayəndələrinin də üzərinə mühüm vəzifə düşür. Azərbaycan və Pakistan mediası arasında əməkdaşlıq daha da genişləndirilməlidir. Biz cəmiyyətlərimizi bir-birimizin mədəniyyəti və biznes imkanları haqqında daha dolğun məlumatlandırmalıyıq. Mənim qardaşım, Pakistanın informasiya naziri də bu təşəbbüsü dəstəkləyir və bunun üçün çox iş görüb. Pakistanın yaxşı inkişaf etmiş ingilisdilli jurnalistikası var. Azərbaycanda da biz bu sahənin inkişafına çalışırıq və düşünürəm ki, bu istiqamətdə Pakistanın təcrübəsindən faydalana bilərik. “AnewZ” və “PakTVGlobal” kanalı arasında imzalanmış memorandum çərçivəsində əməkdaşlığın inkişaf etdiyini görməkdən məmnunam. Deyə bilərik ki, Azərbaycan və Pakistan arasında əməkdaşlığın inkişafı üçün heç bir məhdudiyyət yoxdur”.