1 Av 5786 15 iyul 2026 🕯️ Şam yandırma — 19:52, cümə Şabbatın çıxışı — 20:58, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Mədəniyyət Texnologiya Təhlil Podkastlar Təhsil
Yerüsəlim problemi: Tarix, din və kimlik (II Yazı)

Yerüsəlim problemi: Tarix, din və kimlik (II Yazı)

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Təhlil
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yazının birinci hissəsini bu linkdən oxu: https://jnews.az/yeruselim-problemi-tarix-din-ve-kimlik/

Davudun vəfatından sonra taxta oğlu Süleyman çıxdı. Süleymanın hakimiyyəti dövründə İsrail görünməmiş rifah və zənginlik yaşadı. Həm Tövratda, həm də Qurani-Kərimdə Süleyman haqqında geniş məlumat verilir.

Süleyman atasına verilmiş ilahi vədi yerinə yetirdi və Tanrının əmri ilə Yerusəlimdə Məbəd inşa etdirdi. Bu Məbəd sonrakı əsrlərdə yəhudi dini həyatının mərkəzinə çevrildi və Yerusəlimin müqəddəs şəhər statusunu daha da möhkəmləndirdi. Süleyman Məbədinin inşasına e.ə. 967-ci ildə başlanıldı. Məbədin tikintisində Naftali qəbiləsindən olan sənətkarlar və Sur şəhərinin hökmdarı Xiramın göndərdiyi ustalar iştirak etdilər. Tikinti uzun illər davam etdi və nəticədə dövrünün ən möhtəşəm dini tikililərindən biri meydana gəldi.

14

Müqəddəs kitablarda Süleymanın zənginliyi, qüdrəti və hikməti haqqında geniş məlumat verilir. Qurani-Kərimdə Səba məlikəsinin Süleymanın sarayını ziyarəti belə təsvir olunur:

Ona: “Saraya daxil ol!” – deyildi. O, sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və ayaqlarını açdı. Süleyman dedi: “Bu, büllurdan düzəldilmiş bir saraydır”. O dedi: “Ey Rəbbim! Mən özümə zülm etmişdim. İndi isə Süleymanla birlikdə aləmlərin Rəbbi olan Allaha təslim oldum”. (Nəml, 44)

Bu ayə Süleymana və onun hökmranlığı altındakı xalqa verilmiş böyük nemət və üstünlüklərdən bəhs edir.

Məbəd tamamlandıqdan sonra Süleyman Tanrıya dua etdi. Müqəddəs Kitabda onun duası belə qeyd olunur:

Göylər, hətta göylərin göyləri belə Səni ehtiva edə bilməz. Mənim tikdiyim bu ev isə necə edə bilər? Yenə də qulunun duasına və yalvarışına diqqət et, ey Tanrım! Qulunun bu gün Sənə etdiyi duanı dinlə. Gözlərin gecə-gündüz bu evin üzərində olsun. Qulunun və İsrail xalqının burada edəcəyi duaları eşit.” (I Padşahlar 8:27–30)

Süleyman öz hikməti və ədaləti ilə seçilirdi. Dini ənənəyə görə, Tanrı ona başqa hökmdarlara verilməyən hikmət bəxş etmişdi və o da İsrail xalqını ədalətlə idarə edirdi.

Lakin Süleymanın ölümündən sonra Davudun qurduğu və Süleymanın gücləndirdiyi İsrail krallığı parçalandı. E.ə. təxminən 937-ci ildə Süleymanın oğlu Rexovamın hakimiyyəti dövründə dövlət iki hissəyə bölündü. Şimalda on qəbiləni əhatə edən İsrail krallığı, cənubda isə Yəhuda və Benyamin qəbilələrinin birləşdiyi Yəhuda krallığı yarandı. Yerusəlim Yəhuda krallığının paytaxtı olaraq qaldı.

15

Bu parçalanmanın əsas səbəblərindən biri Rexovamın atasının siyasətini davam etdirə bilməməsi və İsrail qəbilələri arasında birliyi qoruyub saxlaya bilməməsi idi.

E.ə. 722-ci ildə Assuriya imperiyası Şimal İsrail krallığını işğal etdi. İsrail xalqının böyük bir hissəsi Assuriyaya sürgün edildi, onların yerinə isə başqa xalqlar yerləşdirildi. Bu hadisə yəhudi tarixində ilk böyük sürgünlərdən biri hesab olunur və sonralar diasporun formalaşmasına zəmin yaratdı.

16

Bununla belə, cənubdakı Yəhuda krallığı bir müddət müstəqilliyini qoruyub saxlaya bildi. Yerusəlim öz əzəmətini və dini əhəmiyyətini qoruyub saxlayırdı. Lakin İsrail krallığının süqutundan təxminən bir əsr yarım sonra, e.ə. 586-cı ildə Babil hökmdarı Navuxodonosor Yəhudaya hücum etdi. Yerusəlim işğal olundu, Süleyman Məbədi dağıdıldı və şəhər yandırıldı. Yəhudilərin bir hissəsi öldürüldü, sağ qalanların əksəriyyəti isə Babilə sürgün edildi.

17

Beləliklə, yəhudilər müqəddəs şəhərlərindən və ata-baba torpaqlarından uzaqlaşdırıldılar. Məhz bu dövrdə Əhd sandığının da itməsi haqqında rəvayətlər meydana çıxdı və onun sonrakı taleyi naməlum qaldı.

Təxminən əlli il sonra Babil imperiyası farslar tərəfindən fəth edildi. Sürgündə yaşayan yəhudilər onları əsir edən və müqəddəs şəhərlərini dağıdan Babil dövlətinin süqutunu öz gözləri ilə gördülər.

Fars hökmdarı II Kir e.ə. 538-ci ildə yəhudilərə Yerusəlimə və ata-baba torpaqlarına qayıtmağa icazə verdi. O, həmçinin dağıdılmış Məbədin yenidən tikilməsinə də icazə verdi. Bu hadisə yəhudi tarixində dönüş nöqtələrindən biri hesab olunur.

İkinci Məbədin tikintisi uzun müddət davam etdi və e.ə. 516-cı ildə II Daranın hakimiyyəti dövründə tamamlandı. Yeni Məbəd birinci Məbəd qədər möhtəşəm olmasa da, yəhudilər yenidən burada Tanrıya ibadət etməyə başladılar və Yerusəlim bir daha onların dini həyatının mərkəzinə çevrildi.

E.ə. 332-ci ildə Makedoniyalı İskəndər Fars imperiyasını məğlub etdi və bununla da yəhudilər yunan hakimiyyəti altına düşdülər. Yəhudi rəvayətlərinə görə, İskəndər Yerusəlimə gəldiyi zaman Baş Kahin Şimon HaTsadik (Şimon Atsadik) ilə görüşmüş və bu görüşdən sonra Məbədə toxunmamaq qərarına gəlmişdi. İskəndərin hakimiyyəti dövründə yəhudilər və Yerusəlim nisbətən firavan həyat sürürdülər.

Lakin İskəndərin ölümündən sonra onun qurduğu imperiya parçalandı. Yerusəlim əvvəlcə müxtəlif ellinist hakimiyyətlərin təsiri altında qaldı, daha sonra isə Selevki imperiyasının nəzarətinə keçdi. Bu dövrdə Selevki hökmdarı IV Antiox Epifan yəhudiləri ellinləşdirməyə, yəni yunan mədəniyyəti və dini ənənələrini qəbul etdirməyə çalışdı.

O dövrdə yəhudilər qədim dünyanın yeganə təktanrılı xalqlarından biri idi. Onların inancına görə, bütün kainat görünməz, əbədi və mərhəmətli bir Tanrı tərəfindən yaradılmışdı. Bu dünyagörüşü çoxallahlı yunan dini ənənələrindən köklü şəkildə fərqlənirdi.

Antiox yəhudilərin dini kimliyini zəiflətmək məqsədilə ilk növbədə onların dini həyatının əsas sütunlarına hücum etdi. O, Şabat gününün qeyd edilməsini, yeni ay mərasimlərini, dini bayramları, kaşrut qaydalarına əməl olunmasını və Tövratın öyrənilməsini qadağan etdi. Tövrat nüsxələri yandırılır, müqəddəs məkanlar təhqir edilir və yəhudilər öz inanclarından imtina etməyə məcbur edilirdilər.

Nəhayət, sünnət də qadağan edildi. Halbuki sünnət yəhudilikdə Tanrı ilə bağlanan əhdin fiziki əlaməti hesab olunurdu. Antioxun bu siyasəti yəhudilər arasında ciddi müqavimət yaratdı, lakin hökmdar öz məqsədinə çatmaq üçün amansız üsullara əl atırdı.

Yəhudi tarixçisi Rabbi Berel Vayn “Echoes of Glory” (“Ehtişamın sədaları”) adlı əsərində həmin dövrü belə təsvir edir:

“Övladlarını sünnət etdirən qadınlar körpələri boyunlarından asılmış vəziyyətdə edam edilirdi. Donuz əti yeməyi və bütlərə qurban təqdim etməyi rədd edən yəhudilər ölümcül işgəncələrə məruz qalırdılar. Hər şəhərdə Zevs və digər yunan tanrıları üçün qurbangahlar qurulur, yəhudilər bu mərasimlərdə iştirak etməyə məcbur edilirdilər. Tanrının Məbədi isə Zevs Olimpiyə həsr edilmiş məbədə çevrilmişdi.”

Bu hadisələr qədim dünyanın dini tarixində misli görünməmiş bir təqib dalğası idi. O dövrə qədər müxtəlif xalqların tanrılarına hörmət göstərilməsi çoxallahlı dünyada adi hal hesab olunurdu. Çoxallahlı cəmiyyətlərdə fərqli dinlərin mövcudluğu ümumiyyətlə problem yaratmırdı. İnsanlar həm öz tanrılarına, həm də başqa xalqların tanrılarına ehtiram göstərə bilirdilər.

Yəhudilər isə fərqli mövqe tuturdular. Onlar yalnız bir Tanrıya ibadət edir və Onun qanunlarına sadiq qalmağı hər şeydən üstün hesab edirdilər. Bu səbəbdən bir çox yəhudi öz inancından dönməkdənsə əzab çəkməyə, hətta ölməyə hazır idi.

Bu dövr yəhudi tarixində yalnız siyasi mübarizə deyil, həm də dini kimliyin qorunması uğrunda aparılan mühüm bir mübarizə kimi yadda qalmışdır. Yəhudilər inanırdılar ki, həyatda insanın canından da üstün tutmalı olduğu dəyərlər mövcuddur və Tanrı ilə bağlanmış əhd həmin dəyərlərin ən başlıcasıdır.

Tövratın ideologiyasına görə, bu qadağalar yəhudiliyin və yəhudi xalqının zamanla yox olmasına səbəb ola bilərdi. Bütün bu təzyiqlər nəticəsində yəhudilər yunanlara qarşı mübarizəyə qalxdılar. Xaşmonayim ailəsinin (Makkabilər olaraq da tanınır) rəhbərliyi altında yəhudilər üsyana başladılar.

Bu üsyan nəticəsində e.ə. 165-ci ildən e.ə. 63-cü ilə qədər mövcud olmuş müstəqil Yəhudi dövləti – Xaşmonay xanədanlığı yarandı. Bu gün yəhudi xalqı həmin qələbəni Xanuka bayramı kimi qeyd edir.

18

Lakin zaman keçdikcə Xaşmonay xanədanlığı iki qardaş – Hirkan və Aristobul arasında başlayan vətəndaş müharibəsi nəticəsində zəiflədi. Daxili çəkişmələr səbəbindən tərəflər Romadan kömək istədilər. Nəticədə e.ə. 63-cü ildə Pompeyin rəhbərliyi altında Roma qoşunları Yəhudaya daxil oldu.

Pompey Yerusəlimi ələ keçirdikdən və çoxlu sayda yəhudini qətlə yetirdikdən sonra qardaşlardan zəif olan Hirkanı ölkənin formal hökmdarı təyin etdi. Bununla da müstəqil yəhudi dövləti faktiki olaraq mövcudluğunu itirdi və Roma hakimiyyəti altına keçdi. Yəhuda tədricən Romanın Yudeya əyalətinə çevrildi.

Roma hakimiyyəti dövründə Yəhudada yeni bir dini cərəyan meydana çıxdı. İsa yəhudi olsa da, dövrün əksər yəhudiləri tərəfindən Məsih kimi qəbul edilmədi. Lakin sonrakı əsrlərdə onun təlimi bütün Roma imperiyasına yayıldı və xristianlıq dünyanın ən böyük dinlərindən birinə çevrildi.

İsa romalılar tərəfindən Yerusəlimdə çarmıxa çəkilərək edam edildi. Roma hakimiyyəti dövründə yəhudilərlə imperiya arasında münasibətlər getdikcə gərginləşirdi. Yəhudilər öz dini və milli kimliklərini qorumağa çalışır, Roma isə bölgədə nəzarəti gücləndirməyə çalışırdı.

19

Nəhayət, e.s. 66-cı ildə yəhudilər Roma hakimiyyətinə qarşı böyük üsyana başladılar. Üsyanın ilk mərhələsində onlar Yerusəlimi Roma qüvvələrindən təmizləməyi bacardılar. Yəhudilərin bu uğuru Roma imperiyasında böyük sarsıntı yaratdı.

(II Yazı), davamı var…

Murad Salmanov

398697106 10228642421078638 7470725020453465301 n

jnews.az redaksiyasının orijinal materialı.
PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Yerüsəlim problemi: Tarix, din və kimlik (II Yazı)jnews.az səsləndirməsi