Bakı, 14 iyul – Bakıda yəhudi mədəniyyəti, təhsil və ictimai dialoqa həsr olunan “Limmud 2026” beynəlxalq mədəni-maarif festivalı keçirilib.
Sözügedən tədbir Azərbaycan, İsrail və digər ölkələrdən gələn yüzlərlə iştirakçını bir araya gətirib. Festival çərçivəsində mühazirələr, panel müzakirələri, ustad dərsləri, intellektual oyunlar və mədəni proqramlar təşkil olunub.
“Limmud” dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq yəhudi təhsil və mədəniyyət platforması kimi tanınır. Hərəkatın əsas məqsədi müxtəlif yaş və peşə sahiblərini bir araya gətirərək bilik mübadiləsini, açıq dialoqu və icma daxilində əməkdaşlığı təşviq etməkdir. Bu ənənə artıq bir neçə ildir ki, Azərbaycanda da davam etdirilir.
Festivalın proqramı psixologiya, liderlik, marketinq, şəxsi inkişaf, tarix, mədəniyyət, natiqlik sənəti, kommunikasiya və müasir texnologiyalar kimi mövzuları əhatə edib. Gün ərzində müxtəlif ölkələrdən gəlmiş ravvinlər, alimlər, ekspertlər, ictimai xadimlər və beynəlxalq təşkilatların nümayəndələri çıxış edərək iştirakçılarla bilik və təcrübələrini bölüşüblər.
Tədbir çərçivəsində təşkil olunan master-klasslarda iştirakçılar liderlik, yaradıcılıq, şəxsi inkişaf və ictimai kommunikasiya sahələrində praktiki bacarıqlar əldə ediblər. Müzakirələrdə müasir cəmiyyətin çağırışları, yəhudi irsi, təhsil, ailə dəyərləri və icmalararası əməkdaşlıq kimi mövzulara da geniş yer verilib.
Festival uşaqlar üçün də zəngin proqramla yadda qalıb. Balaca iştirakçılar robototexnika məşğələlərinə qatılıb, yaradıcılıq emalatxanalarında iştirak edib, müxtəlif intellektual və əyləncəli oyunlarda bacarıqlarını nümayiş etdiriblər. Bu proqramlar uşaqların həm öyrənməsi, həm də asudə vaxtını səmərəli keçirməsi üçün xüsusi hazırlanıb.
“Limmud 2026″nın yaddaqalan məqamlarından biri də musiqi proqramı olub. İsrailli müğənni Vladi Blayberq və “Gaga Band” qrupunun çıxışları festival iştirakçılarına bayram əhval-ruhiyyəsi bəxş edib.
Festival müxtəlif ölkələrdən gələn insanların tanış olması, fikir mübadiləsi aparması və yeni əməkdaşlıq əlaqələri qurması üçün də mühüm platforma rolunu oynayıb. İştirakçılar bildiriblər ki, belə tədbirlər fərqli mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir.
Tədbir eyni zamanda Azərbaycanın multikulturalizm və tolerantlıq siyasətinin növbəti nümunəsi kimi qiymətləndirilib. Müxtəlif dinlərin və millətlərin nümayəndələrinin bir araya gəldiyi festival ölkədə qarşılıqlı hörmət və sülh şəraitinin hökm sürdüyünü, Azərbaycanın beynəlxalq humanitar və mədəni tədbirlərə uğurla ev sahibliyi etdiyini bir daha nümayiş etdirib.
Qeyd edək ki, “Limmud Bakı 2026” təşkilatçılar tərəfindən “insanları, ideyaları və ilhamı bir araya gətirən platforma” kimi təqdim olunub. Proqram çərçivəsində aktual mühazirələr, qeyri-adi master-klasslar, intellektual oyunlar və zəngin mədəni tədbirlər təşkil edilib.