Kiyev, 14 iyul – Ukrayna ilk dəfə Rusiyanın nəzarətində olan Kinburn qum burnu istiqamətində dəniz dronu vasitəsilə döyüş robotu çıxarıb.
Bildirilir ki, Ukraynaya məxsus pilotsuz dəniz platforması pulemyotla təchiz edilmiş yerüstü döyüş robotunu sahilə çatdıraraq çimərlik ərazisinə endirib. Bundan sonra robot Rusiya mövqelərinə qarşı əməliyyata başlayıb.
Ekspertlər qeyd edirlər ki, Ukraynadakı müharibə son illərdə yeni silah və texnologiyaların sınaqdan keçirildiyi əsas meydanlardan birinə çevrilib. Məlumata əsasən, Ukraynada istifadə edilən bəzi yeni hərbi sistemlər ABŞ şirkətlərinin hazırladığı və ya sınaqdan keçirdiyi texnologiyalara əsaslanır.
Müşahidəçilərin fikrincə, bu cür pilotsuz və robotlaşdırılmış sistemlər gələcəkdə digər münaqişə bölgələrində, o cümlədən İranla bağlı mümkün ssenarilərdə də tətbiq oluna bilər.
Yeni texnologiyanın tətbiqi sayəsində Ukrayna qüvvələri əsgərləri birbaşa təhlükəli sahilə çıxarmadan döyüş əməliyyatları həyata keçirmək imkanı əldə edib. Bu da canlı qüvvə üçün riski əhəmiyyətli dərəcədə azaldır.