İsraildə keçirilən 22-ci Makkabiya Oyunları çərçivəsində keçmiş HƏMAS girovlarının iştirakı ilə xüsusi basketbol oyunu təşkil olunub.
İyulun 8-i axşam baş tutan dostluq görüşündə keçmiş girovlarla yanaşı, tanınmış İsrail basketbolçuları və dünyanın müxtəlif ölkələrindən gələn yəhudi idmançılar da iştirak ediblər.
Keçmiş girovların komandasında David Kunio, Ariel Kunio, Bar Kupershteyn, Elkana Buhbut, Eliya Koen, Or Levi və Eytan Horn yer alıblar.
Tədbir “The Jewish Agency for Israel” və Lekhoşit Yad tərəfindən təşkil edilib. Oyunun əsas məqsədi girovluqdan sağ çıxan şəxslərə və onların ailələrinə göstərilən dəstəyə görə dünya yəhudi icmasına təşəkkür etmək, eyni zamanda onların reabilitasiya və normal həyata dönüş prosesinin hələ də davam etdiyini nümayiş etdirmək olub.
Hazırda İsraildə keçirilən 22-ci Makkabiya Oyunlarında 30 ölkədən təxminən 5 min yəhudi idmançı mübarizə aparır. “Yəhudi Olimpiadası” kimi tanınan yarışlar iyulun 13-dək davam edəcək.