ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə münasibətlərinin əvvəlkindən daha yaxşı olduğunu bildirib.
Tramp bu barədə Ankarada Zelenski ilə keçirdiyi görüş zamanı danışıb. ABŞ liderinin sözlərinə görə, Ağ Evdə baş tutan əvvəlki görüşdən sonra tərəflər arasında münasibətlərdə müsbət dəyişiklik baş verib.
“Biz həqiqətən yaxşı münasibətlər qurmağa nail olduq. Buna inanmaq çətindir, amma Ağ Evdəki görüşümüzdən sonra çox yaxşı əlaqələrimiz yarandı. Ukraynanın böyük imkanları var”.
ABŞ Prezidenti həmçinin qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin onu Moskvaya dəvət edib. Tramp daha sonra Vladimir Zelenskidən bu səfərin mümkünlüyü ilə bağlı fikrini soruşduğunu da açıqlayıb.
Trampın açıqlaması Ukrayna-Rusiya münaqişəsinin nizamlanması istiqamətində diplomatik təmasların davam etdiyi bir vaxta təsadüf edir.