2026-cı ilin ilk 6 ayı ərzində Azərbaycanda yeni doğulan uşaqlara ən çox verilən adlar açıqlanıb.
Rəsmi məlumata görə, oğlan uşaqları arasında ən çox seçilən ad Uğur olub. Bu ad hesabat dövründə 849 yeni doğulan oğlan uşağına verilib. Sonrakı yerlərdə Raul (601), Miran (523), Əli (521), Hüseyn (519), Yusif (434), Ömər (349), Murad (341), Tunar (321) və Fateh (309) qərarlaşıb.
Qız uşaqları arasında isə ilk sırada Melisa adı yer alıb. Bu ad 569 körpəyə verilib. İlk onluqda həmçinin Aylin (547), Məryəm (538), İnci (514), Nilay (503), Alisa (494), Zəhra (493), Ayla (442), Zeynəb (429) və Fatimə (367) adları qərarlaşıb.
Rəsmi məlumatda qeyd olunub ki, cari ilin ilk yarısında ümumilikdə 1213 nəfər adını, soyadını və ya ata adını dəyişdirib. Onlardan 321-i kişi, 892-si isə qadın olub.
Bildirilib ki, ən çox dəyişdirilən adlarla bağlı ayrıca statistika aparılmır.
Eyni zamanda, vətəndaşların müraciəti əsasında dəyişdirilən maraqlı adlar da açıqlanıb. Bunlar Balabəyim, Durna, Fəlakət, Xaccey, Xaxanım, Küsgün, Ləbxanə, Osandıq, Saatxanım və Samovar adlarıdır.
Rəsmi qurumun bildirdiyinə görə, həmin adlar vətəndaşların şəxsi istəyi əsasında dəyişdirilib.