Çin Tayvanın şərqində yeni sahil mühafizə patrul əməliyyatına başladığını elan edib. Pekin əməliyyatın ölkənin ərazi suverenliyinin və dəniz hüquqlarının qorunması məqsədilə həyata keçirildiyini bildirib.
Çin rəsmilərinin açıqlamasına görə, patrul fəaliyyəti Pekinin öz yurisdiksiyasına aid hesab etdiyi sularda aparılır. Qeyd olunur ki, bu, son bir ay ərzində Tayvanın şərq sahilləri yaxınlığında keçirilən ikinci belə əməliyyatdır.
Tayvan hakimiyyəti isə Çinin addımını beynəlxalq hüququn pozulması kimi qiymətləndirib. Rəsmi Taypey bəyan edib ki, Pekinin adanın şərqində yerləşən sularda heç bir hüquqi yurisdiksiyası yoxdur.
Tayvan Sahil Mühafizəsi Xidməti hazırda iki Çin gəmisini öz patrul gəmiləri ilə müşayiət etdiyini və onların hərəkətlərini yaxından izlədiyini açıqlayıb.
Son aylarda Tayvan boğazında və adanın ətrafındakı sularda hərbi-siyasi gərginlik artmaqda davam edir. Tayvan ordusu yaxın zamanda Çin tərəfindən mümkün blokada, diversiya əməliyyatları və informasiya müharibəsi ssenarilərini əhatə edən genişmiqyaslı təlimlər keçirib. Bununla yanaşı, Taypey mümkün hərbi təhdidlərə qarşı müdafiə qabiliyyətini gücləndirmək məqsədilə gəmi əleyhinə raket arsenalını da genişləndirir.