Türkiyənin Muğla vilayətinin Datça rayonu sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı məlumata görə, Aralıq dənizində, yerin 19 kilometr dərinliyində baş verən yeraltı təkanlar Datça ilə yanaşı, Muğlanın bir çox sahil məntəqələrində də aydın şəkildə hiss edilib. Episentrin qurudan təxminən 137 kilometr uzaqlıqda, açıq dənizdə yerləşməsi potensial dağıntıların qarşısını alıb.
Yerli hakimiyyət orqanlarının apardığı ilkin araşdırmalara əsasən, hadisə nəticəsində hər hansı dağıntı və tələfat qeydə alınmayıb.
Hazırda bölgədə vəziyyətin sabit olduğu və aidiyyəti qurumların monitorinqləri davam etdirdiyi bildirilir.