Bu gün Azərbaycan polisi yaranmasının 108-ci ildönümünü və peşə bayramını qeyd edir.
1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan polis orqanları ötən 108 il ərzində dövlətçiliyin möhkəmləndirilməsi, ictimai asayişin qorunması, cinayətkarlıqla mübarizə və vətəndaşların təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayıb.
Daxili işlər orqanlarının inkişafında Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi islahatlar mühüm əhəmiyyət daşıyıb. 1998-ci ildə imzalanan fərmanla isə hər il 2 iyul Azərbaycan Polisi Günü kimi qeyd olunur.
Azərbaycan polisi Birinci Qarabağ müharibəsi, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri zamanı yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirib. Müharibələrdə və xidmət zamanı minlərlə polis əməkdaşı və Daxili Qoşunların hərbi qulluqçusu şəhid olub, yaralanıb, yüzlərlə əməkdaş dövlət təltiflərinə, o cümlədən Milli Qəhrəman və “Vətən Müharibəsi Qəhrəmanı” adlarına layiq görülüb.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə daxili işlər orqanlarının maddi-texniki bazası gücləndirilib, Daxili Qoşunların döyüş qabiliyyəti artırılıb, beynəlxalq əməkdaşlıq genişləndirilib və hüquq-mühafizə sistemində ardıcıl islahatlar həyata keçirilib.
Hazırda Azərbaycan polisi işğaldan azad olunmuş ərazilər də daxil olmaqla ölkənin bütün bölgələrində ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi, Böyük Qayıdış Proqramının icrasına dəstək, eləcə də Qarabağ və Şərqi Zəngəzurda sabitliyin qorunması istiqamətində fasiləsiz xidmət aparır.