İsrail ordusu son bir həftə ərzində İordan çayının Qərb sahilində keçirdiyi əməliyyatların nəticələrini açıqlayıb.
Bildirilib ki, son yeddi gün ərzində keçirilən onlarla əməliyyat zamanı 200-dən çox şəxs saxlanılıb. Saxlanılanlar arasında terrorun təbliği və terrora çağırışda şübhəli bilinən, HƏMAS-la əlaqədə olduğu bildirilən şəxslər, yaxın vaxtlarda terror aktı törətməyi planlaşdırdığı iddia olunan şəxs, qanunsuz miqrasiya təşkil edən qaçaqmalçılar, silah alverçiləri və partlayıcı qurğular hazırladığı bildirilən silahlı qruplaşma üzvü də var.
Bundan əlavə, əməliyyatlar zamanı silah istehsalında istifadə olunan onlarla avadanlıq və material, pnevmatik silahlar, ov tüfəngləri, tapança, pilotsuz uçuş aparatı (PUA), terror fəaliyyətinin maliyyələşdirilməsi üçün istifadə edildiyi iddia olunan on minlərlə şekel müsadirə edilib.
Həmçinin, təhlükəsizlik qüvvələri tərəfindən beş partlayıcı qurğu aşkarlanaraq zərərsizləşdirilib.
