Azərbaycan Prezidenti İlham Əliyev Hüseyn Rzaqulu oğlu Quliyevin Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzalayıb.
Hüseyn Quliyev 31 oktyabr 2012-ci ildə Azərbaycanın Özbəkistandakı səfiri təyin olunub və 2013-cü ilin əvvəlindən etibarən Daşkənddə diplomatik fəaliyyətə başlayıb.
O, 23 iyun 1946-cı ildə Naxçıvanda anadan olub. 1970-ci ildə M. Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu mühəndis-texnoloq ixtisası üzrə bitirib.
Əmək fəaliyyəti dövründə SSRİ-nin dövlət təhlükəsizliyi orqanlarında çalışıb, SSRİ-nin Kipr və Türkiyədəki səfirliklərində müxtəlif diplomatik vəzifələr tutub, həmçinin xarici kəşfiyyat sistemində fəaliyyət göstərib.
Hüseyn Quliyev 2007-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyində işləyib, burada rəhbər vəzifələrdə təmsil olunub. 2012-ci ildə ona fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.
Azərbaycan diplomatik xidmətində uzunmüddətli səmərəli fəaliyyətinə görə Hüseyn Quliyev I dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
