TƏBİB-in İcraçı direktorunun müavini Bahadur Rzayev bildirib ki, ilin sonunadək dövlət tibb müəssisələrində uzun illərdir mövcud olan növbə probleminin aradan qaldırılması hədəflənir. Onun sözlərinə görə, onlayn növbə sistemi mərhələli şəkildə genişləndirilir və gələn həftədən etibarən daha 6 tibb müəssisəsində tətbiq olunacaq.
Bahadur Rzayev qeyd edib ki, yeni sistem vətəndaşlara seçdikləri tibb müəssisəsində növbə tapmadıqda digər dövlət xəstəxanalarında eyni ixtisaslı həkimlərə də onlayn növbə götürmək imkanı verəcək. Məqsəd resurslardan daha səmərəli istifadə etmək və tibbi xidmətlərə çıxışı asanlaşdırmaqdır.
O vurğulayıb ki, hər bir həkimin qəbul edə biləcəyi pasiyent sayı məhduddur və vətəndaşlar alternativ tibb müəssisələrindəki xidmətlərdən də yararlana bilərlər. Bunun üçün elektron növbə tətbiq olunan müəssisələrdə vətəndaşlara dəstək göstərən əməkdaşlar fəaliyyət göstərir.
TƏBİB rəsmisi həmçinin vətəndaşları istifadə etməyəcəkləri növbələri vaxtında ləğv etməyə çağırıb. Onun sözlərinə görə, bəzi tibb müəssisələrində onlayn növbə götürənlərin yalnız 58 faizi qəbula gəlir, 42 faiz isə növbəsindən istifadə etmir ki, bu da digər vətəndaşların xidmət alma imkanlarını məhdudlaşdırır.
Bahadur Rzayev əlavə edib ki, dövlət satınalması prosesi artıq elan olunub və ilin sonuna qədər onlayn növbə sistemi ölkə üzrə daha geniş tətbiq ediləcək. Bunun nəticəsində vətəndaşlar əvvəlcədən vaxt götürərək uzun növbələrdə gözləmədən tibbi xidmət ala biləcəklər. O, sistemin uğuru üçün ictimai maarifləndirmənin vacibliyini də vurğulayıb.