İsraildən olan tədqiqatçılar sinir sistemində siqnalların ötürülməsini təmin edən mielinin əvvəllər məlum olmayan funksiyalarını aşkar ediblər. Əldə edilən məlumatlar bu maddənin beynin yüksək səmərəliliyini qorumağa necə kömək etdiyini izah edir.
"Proceedings of the National Academy of Sciences" (PNAS) jurnalında dərc olunan tədqiqata əsasən, beyin qabığının boz maddəsindəki mielin rabitəni sürətləndirmək deyil, enerjiyə qənaət funksiyasını yerinə yetirir. Ben-Qurion Universitetinin alimləri müəyyən ediblər ki, sinir liflərinin ətrafındakı bu qoruyucu qişa beynin siqnalların ötürülməsi üçün enerji xərclərini 50 faiz azaldır.
Sözügedən tədiqat doktorant Oron Kotler tərəfindən professor İlya Fleydervişin rəhbərliyi altında Soroka Universitetinin Tibb Mərkəzi, Veytsman İnstitutu və Nyu-York Tibb Kolleci ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.
Sürət itkisi olmadan enerji sərfiyyatının azalması
Mielinli və mielinsiz nazik sinir liflərini müqayisə edən tədqiqatçılar qişanın olmasının elektrik siqnallarının ötürülmə sürətini dəyişmədiyini aşkar ediblər – hər iki halda bu, saniyədə təxminən 0,32 metr təşkil edir. Lakin mielinləşmiş aksonlar 50 faiz daha az natrium buraxır. Neyronların natriumu xaric etmək üçün adenozintrifosfat (ATF) şəklində enerjiyə ehtiyacı olduğundan, bu, siqnalların göndərilməsi üçün metabolik xərcləri iki dəfə azaldır.
Tədqiqatın müəllifləri qeyd edirlər ki, beyin qabığındakı mielin periferik sinirlərdəki mielindən fərqlənir. O, daha qısa təcrid olunmuş sahələrə və çevik birləşmələrə malikdir ki, bu da normal elektrik funksiyasını qoruyarkən enerjiyə qənaət etməyə imkan verir.
Tibb və texnologiyalar üçün əhəmiyyəti
Bu nəticələr dağınıq skleroz və digər xəstəliklərin yeni tədqiqatlarına kömək edə bilər. Mielinin zədələnməsinin neyronlara enerji yükünü necə artırdığını anlamaq, enerjinin tənzimlənməsinə və hüceyrələrdə kimyəvi balansın qorunmasına yönəlmiş yeni müalicə üsullarının hazırlanmasına kömək edə bilər.
Bundan əlavə, tədqiqatın nəticələri beynin aşağı enerji istehlakı ilə yüksək məhsuldarlığı necə qoruduğunu nümayiş etdirərək, enerjiyə qənaət edən süni intellekt sistemlərinin hazırlanmasında faydalı ola bilər.
Mənbə: jns.org
