İsrailin Baş naziri Benyamin Netanyahu sentyabr ayında keçiriləcək BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedəcəyini təsdiqləyib.
Səfər zamanı beynəlxalq ictimaiyyətə həqiqəti çatdırmaq niyyətində olduğunu bildirən Netanyahu, Nyu-York meri Zohran Məmdaninin ünvanına sərt ittihamlar səsləndirib.
Mən Nyu-Yorka gedəcəyəm. Nifrət dolu çıxışlar edən bu seçilmiş məmurun qarşısında həqiqəti söyləyəcəyəm.
Baş nazir çıxışında merin cəmiyyətdə bölücülük yaratdığını iddia edərək, onu yerli sakinləri və Nyu-York yəhudilərini bir-birinə qarşı qoymaqda təqsirləndirib.
O, Nyu-Yorkluları bir-birinə qarşı qoyur. O, insanları Nyu-York yəhudilərinə qarşı yönəldir. Məgər biz 1930-cu illərə qayıtmışıq? Bu qədər nifrət, bu qədər yalan!
Qeyd edək ki, İsrail hökumət rəhbərinin BMT Baş Assambleyasında iştirak edib-etməyəcəyi Nyu-York meri Zohran Məmdaninin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Netanyahu barəsində çıxardığı həbs orderinin icrası ilə bağlı səsləndirdiyi açıqlamalardan sonra müzakirə mövzusuna çevrilmişdi.
Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi daha əvvəl Benyamin Netanyahu barəsində həbs orderi çıxarıb. Rəsmi Təl-Əviv isə məhkəmənin bu qərarını tanımadığını bəyan edib.
