İsrail müdafiə naziri İsrael Katz, ölkəsinin Qəzza zolağı, Livan və Suriyada yaratdığı təhlükəsizlik zonalarından geri çəkilməyəcəyini yerli televiziyaya verdiyi müsahibədə bildirib.
Katz, İsrail ordusunun Livandan çıxması ilə bağlı beynəlxalq çağırışlara cavab verərkən qəti mövqe nümayiş etdirib: “Heç kim bizə nə edəcəyimizi deyə bilməz”.
Nazir, ABŞ prezidenti Donald Trampın “Qoy “Hizbullah”la Suriya ordusu məşğul olsun” fikirlərinə də münasibət bildirib.
İsrael Katz Suriya ilə bağlı mövqeyini belə ifadə edib: “Bizə Colani lazım deyil. Onun bura gəlib bizə kömək etməsinə ehtiyac yoxdur. Biz Suriyanı yaxşı tanıyırıq. Colani bizə kömək etməyəcək. Yaxşısı budur ki, Suriyada qalsın və bizim işimizə qarışmasın. Bizi də onun işinə qarışmağa məcbur etməsin”.
Müdafiə naziri, Livandakı hərbi əməliyyatlar haqqında da məlumat verərək qeyd edib ki, İsrailin Livanda yaratdığı təhlükəsizlik zonasına düşən bütün evlər dağıdılıb və bölgədə yaşayan 200 min nəfər sakin bir daha öz evlərinə dönə bilməyəcək.