İsrailin Təl-Əviv şəhərində fəaliyyət göstərən “Channel 12” telekanalının ofisi son bir ay ərzində
ikinci dəfə hücuma məruz qalıb. Naməlum maskalı şəxs binanın şüşə giriş qapısını kərpic ataraq sındırıb.
Hadisə telekanalın təhlükəsizlik kameralarına düşüb. Görüntülərdə maskalı şəxsin binaya yaxınlaşaraq qapıya kərpic atdığı və dərhal hadisə yerindən uzaqlaşdığı görünür.
İnsidentdən sonra telekanalın yaydığı açıqlamada son dövrlər əməkdaşlarına qarşı təhdidlərin artdığı bildirilib.
“Bu hücum jurnalistlərimizə qarşı zorakılığa çağırış edən qraffitilərin bir neçə dəfə binamızın üzərinə çəkilməsindən sonra baş verib”, – deyə açıqlamada qeyd olunub.
İsrail polisi hadisə ilə bağlı araşdırmalara başladığını açıqlayıb.
Bu, son bir ay ərzində telekanalın binasına qarşı qeydə alınan ikinci oxşar hücumdur. Ayın əvvəlində də naməlum şəxs gecə saatlarında eyni üsulla binanın giriş qapısını sındırmışdı. Təhlükəsizlik kameralarının görüntüləri olmasına baxmayaraq, şübhəli şəxs indiyədək müəyyən edilə və saxlanıla bilməyib.
Son günlər Təl-Əvivdə media qurumlarına qarşı oxşar hücumların sayı artıb. Bu ay həmçinin “Haaretz” qəzetinin redaksiyasının giriş qapısı da maskalı şəxs tərəfindən sındırılıb.

