Serbiyanın paytaxtı Belqradda İsrail, Serbiya, ABŞ və Mərkəzi-Şərqi Avropa ölkələrinin nümayəndələrinin iştirakı ilə üç gün davam edən beynəlxalq konfrans keçirilib. Tədbirdə təhlükəsizlik, diplomatiya, texnologiya və iqtisadi əməkdaşlıq məsələləri əsas müzakirə mövzuları olub.
Konfrans çərçivəsində çıxış edən İsrail rəsmiləri Serbiyaya göstərdiyi dəstəyə görə təşəkkür edərək, iki ölkə arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinin əhəmiyyətini vurğulayıblar. ABŞ nümayəndələri isə bildiriblər ki, Avropa ölkələrinin İsraillə əməkdaşlığının gücləndirilməsi Vaşinqtonla münasibətlərin inkişafına da müsbət təsir göstərir.
Tədbirdə Holokost qurbanlarının xatirəsinin yaşadılması və tarixi həqiqətlərin gələcək nəsillərə düzgün çatdırılmasının vacibliyi də xüsusi vurğulanıb. İştirakçılar Holokostun unudulmamasının və tarixin saxtalaşdırılması cəhdlərinə qarşı mübarizənin əhəmiyyətini qeyd ediblər.
Konfransın gündəliyində innovasiya, yüksək texnologiyalar və startap ekosistemi də mühüm yer tutub. Tərəflər İsrail ilə Mərkəzi və Şərqi Avropa ölkələri arasında texnologiya, innovasiya və sahibkarlıq sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsini müzakirə ediblər.