İspaniyanın Barselona şəhərində yerləşən “Plaça de Sants” meydanında, L5 metro xəttinin girişində baş verən qaz partlayışı nəticəsində 8 nəfər xəsarət alıb, onlardan 2-nin vəziyyəti ağır qiymətləndirilir. Hadisə metro stansiyasında aparılan yenidənqurma işləri zamanı baş verib.
İlkin məlumata görə, iyulun 22-də günorta saatlarında tikinti işləri zamanı yeraltı qaz kəməri zədələnib və ərazidə qaz sızması qeydə alınıb. Hadisə yerinə Barselona yanğınsöndürmə xidməti və qaz təchizatı şirkətinin əməkdaşları cəlb olunaraq sızmanın qarşısını almaq üçün təhlükəsizlik tədbirləri görüblər.
Lakin axşam saatlarında qaz xəttinin təmiri zamanı güclü partlayış baş verib. Partlayış nəticəsində yanğın baş verib və uzun müddət davam edib. Yanğınsöndürənlər bildiriblər ki, qaz axını tam dayandırılmadan alovu tam söndürmək mümkün olmayıb.
Xəsarət alanların hamısının tikinti işlərində çalışan əməkdaşlar olduğu açıqlanıb. Yaralılardan ikisi ağır vəziyyətdə “Vall d’Hebron” xəstəxanasına, digər yaralılar isə müxtəlif dərəcəli xəsarətlərlə şəhərin digər tibb müəssisələrinə çatdırılıblar. Hadisə yerinə səkkiz təcili tibbi yardım briqadası göndərilib.
Hadisədən sonra polis ərazini mühasirəyə alıb, Sants küçəsində nəqliyyatın hərəkəti dayandırılıb, metro stansiyasının girişlərindən biri bağlanıb. Bununla yanaşı, L1 və L5 metro xətlərinin hərəkəti davam etdirilib. Kataloniya hökuməti fövqəladə hallar planının ilkin hazırlıq rejimini aktivləşdirib.
Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.