Rusiyanın paytaxtı Moskvada yəhudi icmaları üçün əlamətdar hadisə baş verib. Moskvada ilk dəfə olaraq Moskva Ravvinlər Komitəsi yaradılıb.
Komitənin yaradılması barədə qərar Moskva yəhudi icmalarının ravvinlərinin geniş toplantısında elan edilib. Bildirilib ki, yeni qurum fəaliyyətini İsrail ravvinlərinin rəhbərliyi və nəsildən-nəslə ötürülən yəhudi dini qanunlarının (Halaxa) prinsipləri əsasında quracaq.
Toplantıda ravvinlər icmaların üzləşdiyi aktual dini və ictimai problemləri, eləcə də müasir dövrün yaratdığı çağırışları müzakirə ediblər.
İclasda Moskva yəhudi icmasının yeni Himayəçilər Şurasının üzvləri də iştirak ediblər. Onlar icmaya hərtərəfli dəstək göstərəcəklərini bəyan edərək ravvinlərin fədakar fəaliyyətini yüksək qiymətləndirib və onlara təşəkkürlərini bildiriblər.
Toplantıya İsrailin baş ravvini David Yosef də təbrik məktubu ünvanlayıb. O, ravvinlərə dəstəyini ifadə edərək vurğulayıb ki, insanların Tövrata və Uca Allaha yaxınlaşdırılması yalnız birlik, həmrəylik və birgə fəaliyyət sayəsində mümkündür.
Toplantının yekununda Moskva yəhudi icmalarını əhatə edən bir sıra qərarlar qəbul olunub. Müzakirələr zamanı giyur (yəhudiliyin qəbul edilməsi prosesi), nikah məsələləri, mövcud dini qaydaların tətbiqi, eləcə də ailələrin paklıq, müqəddəslik və sülh prinsipləri əsasında qurulmasına dəstək mexanizmləri müzakirə olunub.
Yeni yaradılan Moskva Ravvinlər Komitəsinin paytaxtdakı yəhudi icmalarının fəaliyyətinin əlaqələndirilməsində və dini məsələlərin vahid qaydada tənzimlənməsində mühüm rol oynayacağı gözlənilir.


