Yenilənib: Sentyabr 1, 2026 12:51 axşam
“Suriya Demokratik Qüvvələri”nin (SDF) Suriya dövlət institutlarına inteqrasiyası başa çatdıqdan və SDF-in özünü buraxdığı elan edildikdən sonra Suriyanın daxili təhlükəsizlik qüvvələri ölkənin şimal-şərqində yerləşən Həsəkə vilayətinin eyniadlı şəhərinin mərkəzinə daxil olub.
Jnews.az xəbər verir ki, yerli KİV-in yaydığı məlumata görə, Suriya Daxili İşlər Nazirliyinə bağlı qüvvələr əvvəllər SDF-in nəzarətində olan şəhərdə təhlükəsizliyin təmin edilməsi üzrə vəzifələrini icra etməyə başlayacaq.
SDF avqustun 25-də Suriya hökuməti ilə inteqrasiya prosesi çərçivəsində fəaliyyətinə son verdiyini açıqlayıb. Bu prosesə SDF qüvvələrinin Suriya Müdafiə və Daxili İşlər nazirliklərinin strukturuna inteqrasiyası da daxildir.
Həsəkə şəhərinə Suriya hökumətinə bağlı daxili təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi isə daha əvvəl əldə olunmuş razılaşmalarda nəzərdə tutulmuşdu. Razılaşmaya əsasən, dövlət qüvvələri Həsəkə və Qamışlı şəhərlərinin mərkəzlərinə daxil olaraq təhlükəsizlik və inzibati strukturların dövlət sisteminə inteqrasiyası prosesində iştirak etməli idi.
Son məlumatlara görə, Suriya hökuməti şimal-şərq bölgəsində dövlət nəzarətini mərhələli şəkildə genişləndirir.
