İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağında keçirdiyi bir neçə əməliyyat zamanı HƏMAS-a məxsus beş silah anbarının və bir raket buraxılış qurğusunun məhv edildiyini açıqlayıb.
Jnews.az xəbər verir ki, İsrail ordusunun məlumatına görə, zərbələr nəticəsində raketlər, silahlar, partlayıcı qurğular, qumbaralar və digər hərbi vasitələrin saxlanıldığı obyektlər sıradan çıxarılıb. İsrail tərəfi bu silahların Qəzza zolağında hərbçilərinə qarşı hücumlarda istifadə edildiyini bildirib.
Ordunun açıqlamasına əsasən, hədəfə alınan obyektlərdən bəziləri məscidlərin daxilində, digərləri isə humanitar obyektlərin yaxınlığında yerləşib. SAXAL bunu HƏMAS-ın mülki infrastrukturu hərbi məqsədlər üçün istifadə etməsi kimi qiymətləndirib.
İsrail ordusu daha əvvəl də Qəzza zolağında məscidlər və digər mülki obyektlərin yaxınlığında silah anbarları və hərbi infrastrukturların aşkar edildiyini açıqlayıb.
