1970-ci ildə Almaniyanın Münhen şəhərində yəhudi icmasının binasında baş vermiş və 7 nəfərin ölümü ilə nəticələnmiş antisemit yanğınla bağlı istintaq 56 ildən sonra yeni nəticə ilə yekunlaşıb.
Jnews.az xəbər verir ki, Münhen Baş Prokurorluğu və Bavariya polisi araşdırmalar nəticəsində hücumun sağçı ekstremist Bernd V. tərəfindən törədildiyi qənaətinə gəlib. Şübhəli şəxs 2020-ci ildə vəfat etdiyi üçün ona qarşı cinayət işi üzrə ittiham irəli sürülməsi mümkün deyil. Hüquq-mühafizə orqanları onun təqsirini göstərən dəlillərin əhəmiyyətli olduğunu bildirirlər.
Hadisə 1970-ci il fevralın 13-də Münhenin Reyxenbax küçəsi 27 ünvanında, Münhen və Yuxarı Bavariya Yəhudi İcmasının binasında baş verib. Binada qocalar evi və qonaq evi yerləşiB. Hücum edən şəxs pilləkən qəfəsində benzindən istifadə edərək yanğın törədib. Nəticədə 7 nəfər həlak olub, 15 nəfər yaralanıb. Onlardan 4-nün vəziyyəti ağır olub. Ölənlərin hamısı Holokostdan sağ çıxmış şəxslər idi.
İstintaq 2025-ci ilin aprelində yeni şahid ifadəsindən sonra təkrar başladılıb. Şahid həmin dövrdə Bernd V. ilə yaxın münasibətdə olmuş qohumunun sözlərinə istinad edərək bildirib ki, şübhəli şəxs hadisədən az əvvəl yəhudi qocalar evinin yaxınlığında olub və yəhudiləri yandırmaq niyyətindən danışıb. Bu söhbətdən təxminən 15 dəqiqə sonra binada yanğın başlayıb.
İstintaq zamanı Bernd V.-nin antisemit və neonasist baxışlara malik olduğu müəyyən edilib. Onun Adolf Hitlerə heyranlığı ilə tanındığı, daha əvvəl isə telefon avtomatlarına qarşı partlayışlar da daxil olmaqla müxtəlif cinayətlərə görə hüquq-mühafizə orqanlarının diqqətində olduğu bildirilib.
Münhen Baş Prokurorluğunun məlumatına görə, istintaq orqanları Bernd V.-nin hücumu təkbaşına törətdiyi qənaətinə gəlib. Onunla başqa şəxslərin əlaqəsinə dair konkret sübut əldə edilməyib. Bununla belə, şübhəli şəxsin 2020-ci ildə vəfat etməsi səbəbindən onun məhkəmə qarşısında cavab verməsi mümkün deyil və hüquqi baxımdan ona qarşı təqsir hökmü çıxarılmayıb.
Qeyd edək ki, cinayət işi 2017-ci ildə Almaniyanın Federal Baş Prokurorluğu tərəfindən nəticəsiz bağlanmışdı. 2025-ci ildə yeni məlumatın əldə edilməsindən sonra araşdırma yenidən başladılıb.
Mənbə: cursorinfo.co.il
