Yenilənib: Avqust 18, 2026 3:47 axşam
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner Yerusəlimdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşərək Qəzza zolağında müharibəyə son qoyulması ilə bağlı planı müzakirə edib.
Danışıqlarda Qəzzada atəşkəsin bərpası, HƏMAS-ın silahsızlaşdırılması, İsrail qüvvələrinin ərazidən çıxarılması və anklavın gələcək bərpası ilə bağlı məsələlər nəzərdən keçirilib.
Görüş İsrail baş nazirinin ABŞ tərəfindən dəstəklənən planın son mərhələsi ilə bağlı etirazlarını açıq şəkildə ifadə etməsindən sonra baş tutub. B. Netanyahu İsrail qoşunlarının HƏMAS tam şəkildə silahsızlaşdırılmadan Qəzza zolağından çıxmayacağını bildirib. HƏMAS isə silahsızlaşdırılma prosesinin İsrailin hərbi əməliyyatları dayandırması və qoşunlarını ərazidən çıxarması ilə əlaqələndirilməsini istəyir.
Yerusəlimdə keçirilən görüşdən əvvəl Kuşner Misirdə HƏMAS-ın siyasi lideri Xəlil əl-Həyyə ilə görüşüb. Bu görüş ABŞ rəsmisinin HƏMAS rəhbərliyi ilə nadir birbaşa təmaslarından biri kimi qiymətləndirilir.
Tərəflər arasında hələlik yekun razılaşma əldə olunmasa da, görüşlərdən sonra Qəzzanın silahsızlaşdırılması və humanitar, o cümlədən ictimai səhiyyə məsələləri üzrə işçi qruplarının yaradılması barədə razılıq əldə edilib.
Mənbə: france24.com
