4 Elul 5786 17 avqust 2026 🕯️ Şam yandırma — 19:13, cümə Şabbatın çıxışı — 20:19, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Kibercinayətkarlıqla mübarizə və məlumatların qorunması haqqında xəbərə illüstrasiya

DİN-dən kiberdələduzluğa qarşı əməliyyat: 8 nəfər saxlanıldı

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Hadisələr
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Avqust 17, 2026 3:30 axşam

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi hüquq-mühafizə orqanları əməkdaşlarının və dövlət qulluqçularının adlarından istifadə edilməklə törədilən çoxsaylı kiberdələduzluq hallarının qarşısının alınması məqsədilə xüsusi əməliyyat keçirib.

Əməliyyat tədbirləri nəticəsində səkkiz nəfər saxlanılıb. Bunların Fərid Əliyev, Asiman Zeynalov, Tofiq Əliyev, Fərid Atakişiyev, Röyal Abdullayev, Anar Məmmədov, Rəşad Hacıyev və Həmid Əliyev olduğu bildirilir.

Qurumun məlumatına görə, şübhəli şəxslər sosial şəbəkələrdə saxta profillərdən və “WhatsApp” messencerindəki hesablarından istifadə ediblər. İstintaq zamanı onların ölkə hüdudlarından kənarda fəaliyyət göstərən kibercinayətkar qruplaşmalarla əlbir olaraq hərəkət etdikləri müəyyən edilib.

Saxlanılan şəxslər xarici cinayətkar qruplaşmaların üzvləri ilə əlaqə saxlayaraq yerli mobil operatorların virtual nömrələrinin, bank kartlarının və digər məlumatların internet vasitəsilə satışını təşkil ediblər.

Ümumilikdə onların qanunsuz yolla 2 mindən çox bank kartı və mobil nömrə əldə edərək cinayətkar qruplaşmaların istifadəsinə verdikləri müəyyən edilib.

İstintaq zamanı bu mobil nömrələrin və bank rekvizitlərinin bir hissəsinin qanunsuz onlayn qumar oyunlarının və virtual kazinoların təşkilində istifadə olunduğu da üzə çıxıb.

Hazırda saxlanılan şəxslər barəsində istintaq və əməliyyat-texniki tədbirlər davam etdirilir. Hüquq-mühafizə orqanları beynəlxalq kibercinayətkar qruplaşmaların digər üzvlərinin şəxsiyyətinin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görür.

Daxili İşlər Nazirliyi vətəndaşları diqqətli olmağa çağırıb və bank kartlarının rekvizitlərinin, mobil nömrələrin və digər fərdi məlumatların üçüncü şəxslərə verilməsinin yolverilməz olduğunu xatırladıb.

Nazirlik kartların və ya mobil nömrələrin qanunsuz istifadəsi, şübhəli mənbələrdən vəsaitlərin daxil olması, şübhəli SMS-lərin alınması və ya mükafat qarşılığında şəxsi məlumatların təqdim edilməsi təklifləri ilə qarşılaşan şəxslərə dərhal polisə müraciət etməyi tövsiyə edib.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
DİN-dən kiberdələduzluğa qarşı əməliyyat: 8 nəfər saxlanıldıjnews.az səsləndirməsi