İtaliyanın paytaxtı Romada iyulun 28-29-da İsrail-Fələstin münaqişəsinin iki dövlətli həllinə həsr olunmuş Qlobal Alyansın iclası keçiriləcək.
Bu barədə İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani NATO-nun son sammitinin nəticələri ilə bağlı parlamentdə çıxışı zamanı məlumat verib.
Nazirin sözlərinə görə, toplantıya Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə birlikdə sədrlik edəcək. Tayani bildirib ki, görüşün əsas məqsədi ötən il imzalanmış Nyu-York Bəyannaməsinin həyata keçirilməsinə yeni təkan verməkdir.
O qeyd edib ki, iclas çərçivəsində dinlərarası dialoq məsələsinə xüsusi diqqət yetiriləcək. Tayani vurğulayıb ki, müxtəlif dini icmalar arasında dialoqun inkişafı Yaxın Şərqdə davamlı sülhün təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
İtaliyanın xarici işlər naziri, həmçinin Livandakı vəziyyətə də toxunaraq bildirib ki, avqustun 4-də Romada bu ölkə ilə bağlı növbəti beynəlxalq danışıqlar mərhələsi keçiriləcək. O xatırladıb ki, ötən həftə İtaliya paytaxtında İsrail və Livan hökumətləri arasında əldə olunmuş razılaşmanın icrasına həsr edilmiş yüksək səviyyəli görüş keçirilib.
Antonio Tayani bu nəticəni uzunmüddətli və ardıcıl diplomatik səylərin məhsulu adlandıraraq, İtaliyanın bölgədə dialoqu təşviq edən aparıcı ölkələrdən biri olduğunu vurğulayıb.
Nazir çıxışında Fars körfəzində yenidən artan gərginliyə də toxunub. O bildirib ki, Hörmüz boğazı beynəlxalq gəmiçilik üçün açıq və maneəsiz qalmalı, dəniz nəqliyyatı sərbəst şəkildə həyata keçirilməlidir. Tayani əlavə edib ki, İtaliya bölgədə sabitliyin qorunması və dəniz nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi istiqamətində beynəlxalq səylərə öz töhfəsini verməyə davam edəcək.