Fransanın Elzas bölgəsində, Almaniya sərhədi yaxınlığındakı Lalique Muzeyində milyonlarla avro dəyərində qiymətli zinət əşyalarının oğurlanması ilə nəticələnən soyğun törədilib.
İlkin məlumata görə, hadisə iyulun 5-i səhər saat 05:30 radələrində baş verib. Üzlərini gizlədən bir neçə naməlum şəxs muzeyə daxil olaraq birbaşa zinət əşyalarının nümayiş etdirildiyi zala keçib. Onlar altı sərgi vitrininin şüşəsini sındıraraq məşhur fransız zərgəri və şüşə ustası Rene Laliqueyə məxsus təxminən 20 nadir zinət əşyasını ələ keçiriblər. Oğurlanan eksponatların ümumi dəyərinin 4 milyon avroya yaxın olduğu bildirilir.
Məlumata əsasən, hadisə zamanı siqnalizasiya sistemi işə düşsə də, təhlükəsizlik xidmətinin gec reaksiya verməsi səbəbindən oğrular hadisə yerindən qaçmağa müvəffəq olublar. Soyğun ilk olaraq muzeyə gələn təmizlik işçisi tərəfindən aşkar edilib və bundan sonra polisə məlumat verilib.
Fransanın jandarma və kriminal polis əməkdaşları hazırda təhlükəsizlik kameralarının görüntülərini təhlil edir, oğurluğun peşəkar şəkildə planlaşdırıldığını və cinayətkarların muzeyin quruluşu barədə əvvəlcədən məlumatlı ola biləcəyini ehtimal edirlər. İstintaq çərçivəsində hadisənin bütün təfərrüatları araşdırılır.
Hadisədən sonra Lalique Muzeyi müvəqqəti olaraq ziyarətçilər üçün bağlanıb. Rəhbərlik oğurlanan eksponatların dəqiq siyahısının hazırlanması, dəyən ziyanın qiymətləndirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində işlərin aparıldığını açıqlayıb.
Qeyd edək ki, bu hadisə son illərdə Fransada muzeylərdə baş verən ən səs-küylü oğurluqlardan biri hesab olunur. Lalique Muzeyi ötən il Luvr Muzeyində baş vermiş məşhur zinət əşyaları oğurluğundan sonra xüsusi nəzarətdə olan mədəniyyət obyektləri siyahısına daxil edilmişdi. Buna baxmayaraq, cinayətkarlar qısa müddətdə əməliyyatı həyata keçirərək hadisə yerindən uzaqlaşa biliblər.