Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə müsabiqənin nəticələrini elan edib.
Qurumdan bildirilib ki, abituriyentlər müsabiqənin nəticələri ilə DİM-in rəsmi saytında tanış ola bilərlər. Bundan əlavə, məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə iş nömrəsini 7727 qısa nömrəsinə göndərməklə əldə etmək mümkündür.
Elektron qeydiyyat qaydası
Orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı yalnız my.gov.az portalı vasitəsilə həyata keçirilir. Bunun üçün mygov platformasında Elm və Təhsil Nazirliyinin müvafiq xidməti aktivləşdirilib. Qeydiyyat prosesi 19 avqust saat 15:00-dan 31 avqust saat 18:00-dək davam edəcək.
Qeydiyyatdan keçmək üçün qəbul olunmuş vətəndaşlar mygov ID (vahid daxilolma sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra “Xidmətlər” bölməsində “Qurumlar” kateqoriyasında Elm və Təhsil Nazirliyini seçərək “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.
DİM-dən vurğulanıb ki, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul olunması haqqında əmr təhsil müəssisəsinə göndərilməyəcək.
Mənbə: apa.az
