Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də Almaniyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dirk Lölkeni qəbul edib. Qəbul zamanı diplomat etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
Söhbət zamanı Prezident İlham Əliyev keçən ay Almaniyaya etdiyi rəsmi səfərini xatırladaraq, Prezident Frank-Valter Ştaynmayer və Kansler Fridrix Merts ilə keçirilən görüşlərdə ikitərəfli əlaqələr və beynəlxalq məsələlər üzrə səmərəli müzakirələrin aparıldığını diqqətə çatdırıb. Dövlət başçısı regional sabitlik, təhlükəsizlik və inkişafla bağlı hər iki ölkənin baxışlarının üst-üstə düşdüyünü vurğulayıb.
Səfər çərçivəsində Berlində imzalanmış "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə"nin əhəmiyyətinə toxunan Azərbaycan Prezidenti, bu sənədin münasibətləri keyfiyyətcə üstün səviyyəyə qaldırdığını bildirib. O, ticarət, investisiya və biznes sahələrindəki imkanların strateji qarşılıqlı əlaqələri daha da gücləndirdiyini qeyd edib.
Səfir Dirk Lölke öz növbəsində ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında keçirilmiş Zirvə Görüşünün birinci ildönümü münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. Diplomat Almaniya hökumətinin Azərbaycan dövlət başçısının rəsmi səfərinin nəticələrindən razı qaldığını və nəzərdə tutulan işlərin tezliklə icra olunacağına ümid etdiyini bildirib.
Regionda sülh gündəliyinin məhz Azərbaycanın təşəbbüsü ilə başladığını xatırladan Prezident İlham Əliyev bu istiqamətdə səylərin davam etdiriləcəyini və Cənubi Qafqazda sülhün artıq dönməz xarakter aldığını vurğulayıb.
Görüşdə həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərin müsbət dinamikası, Şərq-Qərb nəqliyyat dəhlizinin imkanlarından Almaniya şirkətlərinin istifadə etməsi, eləcə də ənənəvi və bərpaolunan enerji və təhsil sahələrində əməkdaşlıq perspektivləri atrafında fikir mübadiləsi aparılıb.





