Yunanıstanın müxtəlif bölgələrində Fələstin məsələsi ilə bağlı onlarla etiraz aksiyasının keçirilməsi planlaşdırılır. Nümayişlərin Afina və Saloniki ilə yanaşı, İsrailli turistlərin tez-tez üz tutduğu adalarda və digər məşhur turizm məkanlarında da təşkil olunacağı bildirilir.
Gözlənilən aksiyalarla əlaqədar İsrail Xarici İşlər Nazirliyi Yunanıstanda olan vətəndaşlarına təhlükəsizliklə bağlı tövsiyələr yayıb. Nazirlik israilliləri nümayiş keçirilən ərazilərdən və böyük kütləvi toplantılardan uzaq durmağa, siyasi mübahisələrə qoşulmamağa və ehtiyatlı davranmağa çağırıb. Həmçinin İsrail və yəhudi kimliyini açıq şəkildə göstərən simvolların nümayiş etdirilməməsi tövsiyə olunub.
İsrail tərəfi vətəndaşlarına nümayişlər zamanı mümkün qarşıdurmalardan uzaq durmağı və yaxınları ilə əlaqədə olmağı tövsiyə edib. Yunanıstandakı aksiyaların miqyası və iştirakçı sayı ilə bağlı yekun məlumatların tədbirlər keçirildikdən sonra dəqiqləşəcəyi gözlənilir.
Mənbə: haaretz.com
