ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Holokostdan sağ çıxmış beş nəfərlə görüş keçirib.
Görüş zamanı antisemitizmlə mübarizə, Holokost zamanı qətlə yetirilən 6 milyon yəhudinin xatirəsinin qorunması və onların həyat hekayələrinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti müzakirə olunub.
Görüş iştirakçılarından biri, Bruklin sakini xanım Blau bildirib ki, Donald Tramp onların həyat hekayələri ilə yaxından maraqlanıb, İkinci Dünya müharibəsi illərində hansı şəraitdə sağ qaldıqlarını soruşub. Onun sözlərinə görə, görüşdə prezidentin kürəkəni Cared Kuşner və ABŞ dövlət katibi Marko Rubio da iştirak ediblər.
Söhbət zamanı humanitar yardım məsələlərinə də toxunulub. Blau qeyd edib ki, xəstə uşaqların müalicə xərcləri ilə bağlı söhbət əsnasında Donald Tramp həmin xərcləri şəxsən özünün ödədiyini bildirib.
Görüşün sonunda xanım Blau ABŞ prezidentindən İsraili heç vaxt unutmamağı xahiş edib. Donald Tramp isə bu xahişə müsbət münasibət göstərərək dəstəyini ifadə edib.
Görüş başa çatdıqdan sonra iştirakçıların hər birinə xatirə olaraq prezident sikkəsi təqdim edilib.