Bu gün – iyulun 9-da Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı qeyd olunur.
Prezident İlham Əliyevin 24 avqust 2007-ci il tarixli sərəncamına əsasən təsis edilən bu günün tarixi 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair ilk rəsmi təlimatın qəbul edilməsi ilə bağlıdır.
Azərbaycan diplomatiyası Cümhuriyyət dövründə formalaşmağa başlayıb, 1920-ci ildə ölkənin müstəqilliyinin de-fakto tanınmasından sonra beynəlxalq əlaqələr genişləndirilib. Sovet dövründə müstəqil xarici siyasət fəaliyyəti dayandırılsa da, 1991-ci ildə dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan diplomatiyası yenidən inkişaf mərhələsinə qədəm qoyub.
1993-cü ildən etibarən ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi xarici siyasət kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın beynəlxalq nüfuzu güclənib, ölkə regional və qlobal proseslərdə fəal rol oynayır. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub, Qarabağın yenidən qurulmasına beynəlxalq dəstək artıb.
Hazırda Azərbaycanın xaricdə 70 səfirliyi, 6 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi, 9 baş konsulluğu, bir təmsilçilik ofisi və 7 səfirlik ofisi fəaliyyət göstərir.