İsraildə HƏMAS-ın əsirliyindən azad edilmiş keçmiş girovlar Saşa Trufanov və Sapir Koen ailə həyatı qurublar.
Cütlüyün toy mərasimi iyulun 5-i axşam keçirilib. Mərasimdə İsrail Prezidenti İshak Hersoq və xanımı, eləcə də keçmiş girovlar, ailə üzvləri və çoxsaylı qonaqlar iştirak ediblər.
Saşa Trufanov və Sapir Koen 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu zamanı Nir-Oz kibbutsunda qohumlarının evindən qaçırılaraq Qəzza zolağına aparılmışdılar. S. Trufanov əsir götürülərkən döyüldüyünü və çiynindən bıçaq xəsarəti aldığını bildirib. Gizlənməyə çalışan Sapir Koen də silahlılar tərəfindən tapılaraq girov götürülüb.
Sapir Koen 2023-cü ilin noyabrında HƏMAS ilə İsrail arasında əldə olunmuş müvəqqəti atəşkəs çərçivəsində azadlığa buraxılıb. Saşa Trufanov isə 400 gündən artıq əsirlikdə qaldıqdan sonra 2025-ci ilin fevralında azad edilib. O, əsirlikdə aldığı ağır xəsarətlərə görə uzunmüddətli müalicə kursu keçib.
S. Trufanovun ailəsi də hücum zamanı ağır itkilərlə üzləşib. Onun anası Yelena Trufanova və nənəsi İrena Tati girov götürülsələr də sonradan azad ediliblər. Atası Vitali Trufanov isə oktyabrın 7-də HƏMAS-ın hücumu zamanı həlak olub.
Əsirlikdən qayıtdıqdan sonra Saşa Trufanov Sapir Koenə evlilik təklifi edib. Koen daha sonra verdiyi açıqlamada bildirib ki, Saşa əsirlikdə olarkən onun başqa biri ilə ailə qurmasını arzulayırmış, çünki sağ qalacağına ümid etmirmiş.
Toy mərasimində çıxış edən Saşa Trufanov ailəsinə, dostlarına və onların azadlığa qovuşması üçün mübarizə aparan hər kəsə təşəkkürünü ifadə edib.
Mərasimdə çıxış edən Prezident İshak Hersoq isə bildirib ki, bütün İsrail onların sağ-salamat geri qayıtması üçün dua edib.
“Siz evinizə qayıdanda hamımız bunu böyük sevinc və göz yaşları ilə qarşıladıq. Bu gün isə sizinlə birlikdə bu xoş günü qeyd etmək və ailə həyatınıza xeyir-dua vermək bizim üçün böyük şərəfdir”.
Saşa Trufanov və Sapir Koenin toyu İsrail cəmiyyətində böyük əks-səda doğurub. Cütlüyün ailə qurması HƏMAS əsirliyindən sağ çıxan insanların həyatlarını yenidən qurmaq iradəsinin və gələcəyə ümidinin simvolu kimi qiymətləndirilir.