ABŞ Hərbi Hava Qüvvələri (HHQ) perspektivli altıncı nəsil qırıcı təyyarənin uçuş sınaqlarının başlanma tarixini açıqlayıb. HHQ nümayəndələrinin
bildirdiyinə görə, F-47 adlı yeni döyüş təyyarəsinin ilk uçuşu 2028-ci ilə planlaşdırılır. Hazırda “Boeing” şirkəti artıq bir neçə sınaq təyyarəsinin yığılması ilə məşğuldur.
ABŞ HHQ-nin kritik əhəmiyyətli silah sistemləri portfelinə cavabdeh olan general Deyl Uayt Ohayo ştatının Deyton şəhərində keçirilən konfransda bildirib ki, HHQ ilə sənaye podratçıları arasında əməkdaşlıq
misilsiz səviyyəyə çatıb. Onun sözlərinə görə, proqram artıq mühəndislik işləri
və istehsalata hazırlıq mərhələsinə keçib. Layihələndirmə işləri qrafik üzrə davam edir və yeni təyyarənin 2029-cu ilin yanvar ayınadək ilk uçuşunu həyata keçirməsi planlaşdırılır.
“F-22 Raptor”u əvəz edəcək
“Boeing” şirkəti F-47-nin hazırlanması üzrə
müqaviləni 2025-ci ilin martında imzalayıb. Yeni qırıcı “Next Generation Air Dominance” (NGAD) proqramının əsas elementi olacaq və gələcəkdə hazırda istismarda olan “F-22 Raptor” qırıcılarını əvəz edəcək. ABŞ HHQ ən azı 185 belə təyyarə almağı planlaşdırır.
Təyyarənin texniki xüsusiyyətlərinin böyük hissəsi məxfi saxlanılır. Bununla belə, onun döyüş radiusunun 1000 dəniz milini ötəcəyi,
maksimal sürətinin isə “Mach 2”-dən yüksək olacağı məlumdur.
Pilotsuz döyüş aparatları ilə birlikdə fəaliyyət göstərəcək
Gözlənilir ki, F-47 yarımavtonom pilotsuz döyüş aparatları ilə birlikdə fəaliyyət göstərəcək. Bu platformalar kəşfiyyat apara, silah daşıya və ən təhlükəli ərazilərdə döyüş tapşırıqlarını yerinə yetirə biləcək.
ABŞ HHQ iyul ayında YFQ-44A pilotsuz aparatının uğurlu sınaqları barədə də məlumat yayıb. Bildirilib ki, sınaq zamanı aparat rəqəmsal hədəfə AIM-120 hava-hava raketini uğurla buraxıb.
Maliyyələşdirmə artırılır
ABŞ-ın 2026-cı maliyyə ili üçün büdcəsində F-47 proqramının hazırlanmasına təxminən 3,45 milyard dollar vəsait ayrılıb. 2027-ci maliyyə ili üzrə büdcə sorğusunda isə bu məbləğin 5,04 milyard dollara qədər artırılması nəzərdə tutulur.
Bundan əlavə, CCA pilotsuz döyüş aparatları proqramının inkişafı üçün daha 1,43 milyard dollar vəsait ayrılması təklif edilir.
Mənbə: newsru.co.il
