Şuşa şəhərində Azərbaycan Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılış mərasimi baş tutub. Tədbir tarixi vətənlə əlaqələri möhkəmləndirmək məqsədilə dünyanın müxtəlif ölkələrindən olan gənc azərbaycanlı diaspor nümayəndələrini bir araya gətirib.
Sözgedən düşərgə Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilir. Layihənin əsas tədbirləri avqustun 2-dən 8-dək “Yenidən doğulan şəhərlər” şüarı altında Şərqi Zəngəzur ərazisində baş tutacaq.
Bu il düşərgədə 64 ölkəni təmsil edən 120-dən çox gənc iştirak edir.
Düşərgənin proqramı
İştirakçılar üçün azad edilmiş rayonlara, eləcə də Qarabağ və Şərqi Zəngəzurun tarixi və mədəniyyət abidələrinə səfərləri əhatə edən zəngin proqram hazırlanıb.
Layihə çərçivəsində şəhid ailələrinin üzvləri, müharibə veteranları, rəsmi şəxslər və sahə ekspertləri ilə görüşlər nəzərdə tutulub. Bununla yanaşı, gənclər panel müzakirələrində, maarifləndirici seminarlarda, dil kurslarında, intellektual oyunlarda və müxtəlif treninqlərdə iştirak edəcəklər.
Layihənin tarixi
Diaspor gənclərinin bundan əvvəlki yay düşərgələri Şəki, Şamaxı, Şuşa, Naxçıvan, Laçın və Xankəndidə keçirilib. Layihə fəaliyyət göstərdiyi müddət ərzində ümumilikdə dünyanın 84 ölkəsindən 700-dən çox gənc onda iştirak edib.
Mənbə: report.az
