NATO Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzrə müttəfiqlərindən uzaqlaşdırmağa çalışır. Bu barədə Rusiyanın KTMT yanında daimi nümayəndəsi Vasilyev bildirib.
Onun sözlərinə görə, NATO ölkələri və bəzi Qərb dövlətləri Ermənistanı KTMT-dən uzaqlaşdırmaq üçün müxtəlif addımlar atır. Vasilyev qeyd edib ki, bu addımlar sırasında Ermənistanla birgə hərbi təlimlərin keçirilməsi də yer alır.
“Biz NATO ölkələrinin və ayrı-ayrı Qərb dövlətlərinin Ermənistanı KTMT üzrə müttəfiqlərindən uzaqlaşdırmağa çalışdığını müşahidə edirik. Bu cəhdlər birgə hərbi təlimlərin təşkili yolu ilə də həyata keçirilir”, – deyə rusiyalı diplomat bildirib.
Bu arada, Rusiya mediasında Avropa İttifaqının Ermənistandan Rusiya vətəndaşları üçün viza rejimi tətbiq etməyi tələb edə biləcəyi barədə məlumat yayılıb. Eyni zamanda, Rusiya Xarici Kəşfiyyat Xidməti Aİ-nin Ermənistandan Rusiya biznesinin ölkədəki fəaliyyətini azaltmağı istədiyini iddia edib.
