ABŞ Venesuelada baş vermiş güclü zəlzələlərin nəticələrinin aradan qaldırılması üçün axtarış-xilasetmə qrupları, tibbi resurslar və humanitar yardım göndərib.
Bu barədə ABŞ dövlət katibi Marko Rubio “X” sosial şəbəkəsində paylaşım edib.
Rubio bildirib ki, duaları yaxınlarını itirən, xəsarət alan insanlarla və fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində çalışan xilasedicilərlədir.
Dövlət katibi qeyd edib ki, Donald Trampın tapşırığı ilə ABŞ Dövlət Departamenti dərhal Venesuelaya axtarış-xilasetmə qrupları, tibbi resurslar və humanitar yardım göndərib.
Qeyd edək ki, cümə axşamına keçən gecə Venesuelanın şimalında 7,1 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə daha iki yeraltı təkan qeydə alınıb.
Baş verən təbii fəlakətlə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edilib. İlkin məlumata əsasən, zəlzələlər nəticəsində azı 32 nəfər həyatını itirib, 700 nəfər isə yaralanıb.